Gürcüstanın Baş naziri: Xarici xüsusi xidmət orqanlarına hökuməti devirməyə icazə vermədik
- 05 oktyabr, 2025
- 00:45

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, zorakılıqda iştirak edən və konstitusion rejimi devirməyə cəhd edən şəxslər "təqsirkar" sayılır və onları yaxın günlərdə "sürprizlər" gözləyir.
"Report"un yerli bürosu xəbər verir ki, baş nazir hüquq-mühafizə orqanları tərəfindən qanunun icrasının çox vaxt tələb etmədiyini vurğulayıb.
"Biz 30-dan çox cinayətkarın tutulacağını proqnozlaşdırırdıq və görürsünüz ki, proqnozumuz özünü doğruldur. Biz hamıya deyirdik ki, bu gün insanları müəyyən etmək üçün bir neçə ay əvvəlkindən qat-qat çox resursumuz var", - o qeyd edib.
Baş nazir bildirib ki, zorakılıq nəticəsində 15 polis əməkdaşı xəsarət alıb və 6 aksiya iştirakçısı xəstəxanaya yerləşdirilib. Kobaxidze həmçinin xəbərdarlıq edib ki, xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi mitinqlərdə dövlətə qarşı hər hansı cəhd ən sərt cavabı alacaq.
"Gürcüstan xarici xüsusi xidmət orqanlarına hökuməti devirmək imkanı verəəcək ölkə deyil", - deyə Kobaxidze əlavə edib.
Qeyd edək ki, daha əvvəl aksiyalar nəticəsində14 polis əməkdaşının yaralandığı açıqlanmışdı.