Gürcüstanda torpaq sürüşməsi: 5 ev uçub, 38 ailə təxliyə edilib - YENİLƏNİB

Region
  • 12 mart, 2026
  • 10:43
Gürcüstanda torpaq sürüşməsi: 5 ev uçub, 38 ailə təxliyə edilib - YENİLƏNİB

Tkibuli bələdiyyəsinin Kurseb kəndi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 5 yaşayış evi uçub, 38 ailə isə təhlükəsizlik məqsədilə təxliyə edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tkibuli Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, sürüşmə prosesləri kəndin Berodzeebi və Qoqolaşvili məhəllələrində qeydə alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.

Məlumata görə, zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün bələdiyyə tərəfindən hotellərdə müvəqqəti yaşayış təmin edilir.

Yerli və regional hakimiyyət nümayəndələri hadisə yerinə gəliblər.

Bələdiyyə mövcud vəziyyətlə bağlı vətəndaşlar üçün qaynar xətt də yaradıb.

Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin məlumatına görə, Tkibuli bələdiyyəsinin Kurseb kəndi ərazisində torpaq sürüşməsi baş verib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, məlumata əsasən, hadisə yerinə Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları və xüsusi texnika səfərbər olunub.

Bildirilib ki, xilasedicilər ərazidə aktiv şəkildə işləyir və yerli əhali təhlükəsiz yerlərə təxliyə edilir.

Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat verilməyib.

Fövqəladə Halların İdarə Edilməsi Xidməti Kurseb kəndinin sakinlərini hərəkət etməməyə və hadisə yerində olan hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyə çağırıb.

Torpaq sürüşməsi səbəbindən Kutaisi–Tkibuli–Ambrolauri yolunun bir hissəsi bağlanıb.

Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, Kutaisi (Motsameta) – Tkibuli – Ambrolauri milli avtomobil yolunun 6-cı kilometrində baş verən torpaq sürüşməsi nəticəsində yol örtüyü zədələnib. Buna görə də həmin hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.