Gürcüstanda polis əməkdaşına qarşı qrup halında zorakılıq edən Şəhər Şurasının sədri həbs olunub
- 28 yanvar, 2026
- 10:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Çoxatauri Sakrebulosunun (Şəhər Şurasının) sədri Davit Şaraşidzeni polis əməkdaşına qarşı qrup halında zorakılıq etməkdə ittiham edərək saxlayıblar.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, daha iki nəfər hadisə ilə bağlı axtarışdadır, onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-in məlumatına görə, istintaq müəyyən edib ki, bu il yanvarın 27-də Ozurgeti şəhərində yerləşən restoranlardan birində baş verən mübahisə zamanı Çoxatauri Şəhər Şurasının sədri və onunla birlikdə olan iki vətəndaş həmin vaxt xidmətdə olmayan polis əməkdaşına qrup şəklində fiziki zorakılıq tətbiq ediblər. Hadisə nəticəsində hüquq-mühafizə orqanı əməkdaşı üz və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsinin "b" yarımbəndi üzrə aparılır.
İstintaqın gedişində xəsarət alan polis əməkdaşının müvafiq qaydada Daxili İşlər Nazirliyinin tabeliyinə verildiyi bildirilir.