Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsi qadağan olunub
- 01 noyabr, 2025
- 16:58
Gürcüstanda dövlət qulluqçularının bir neçə yerdə işləməsinə qadağa tətbiq edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstanda dövlət xərclərinin optimallaşdırılması məqsədilə hazırlanmış yeni qanun bu gündən qüvvəyə minib.
Qanuna əsasən, dövlət sektoru əməkdaşlarının eyni vaxtda bir neçə dövlət qurumunda tam iş günü əsaslı işləmələrinə qadağa qoyulub.
Yeni qaydalara görə, dövlət qulluqçusu artıq başqa dövlət strukturunda ödənişli vəzifə tuta bilməz. Əgər şəxs iki dövlət vəzifəsində çalışırsa, o, hər iki vəzifədən azad ediləcək, 2 il ərzində dövlət qulluğunda işləmək hüququnu itirəcək və əlavə qazancı dövlət büdcəsinə geri qaytarmalı olacaq.
Bununla belə, qanunda müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, müəyyən hallarda bir şəxs yalnız bir illik müqavilə əsasında iki və ya daha çox dövlət qurumunda çalışma hüququna malik ola bilər.
Baş nazir İrakli Kobaxidze bu dəyişiklikləri belə şərh edib:
"Nəzəri baxımdan bir şəxsin eyni vaxtda iki və ya üç işi tam iş qaydası ilə yerinə yetirməsi mümkün deyil. Bu praktika dəyişməlidir. Yeni qaydalar çərçivəsində həm xərclər, həm də kadrlar optimallaşdırılacaq, dövlət xidməti daha səmərəli işləyəcək."