Gürcü müxalifətçilər hakimiyyəti devirməyə çağırışda ittiham olunublar
- 06 oktyabr, 2025
- 12:18

Həbsdə olan gürcü müxalifətçilər Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar, zorakılıqları təşkil və onlara rəhbərlik etməkdə ittiham olunublar.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında deyilir.
Məlumata görə, onları 9 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Qeyd olunur ki, oktyabrın 4-də Tbilisidə keçirilən mitinqdə müxalifətçilər mövcud hakimiyyəti devirməklə bağlı bəyanatlar verib və tərəfdarlarını prezident iqamətgahını zorla ələ keçirməyə çağırıblar.
"Cinayət əməllərinin təşkilatçıları və zorakı qrupun üzvləri strateji obyektlərə aid olan prezident iqamətgahına gəldikdən sonra iqamətgahın hasarını zədələyiblər, daha sonra binanın həyətinə soxulublar, nəticədə hüquq-mühafizə orqanları əməkdaşlarını təhqir edərək onlara fiziki xəsarətlər yetiriblər. İctimai asayişin bərpası məqsədilə hakimiyyət nümayəndələri tədbirlər görüblər, nəticədə binanın ələ keçirilməsi planı baş tutmayıb, təşkilatçılar isə tezliklə saxlanılıb", - prokurorluğun məlumatında deyilir.