Gürcüstan XİN-də oktyabrın 4-dəki hadisələrlə bağlı səfirlərlə görüş keçirilir
- 07 oktyabr, 2025
- 11:35

Gürcüstan Xarici İşlər Nazirliyində (XİN) bu ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə görüş keçirilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirlikdən "Birinci Kanal"a verilən məlumata görə, görüşün mövzusu oktyabrın 4-də Gürcüstanda baş vermiş hadisələrdir.
Bildirilib ki, görüş xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvilinin sədrliyi ilə saat 11:00-da başlayıb.
Hazırda görüş qapalı formatda davam edir.
Gürcüstan XİN-də keçirilən görüşə Almaniyanın Gürcüstandakı səfiri və səfirliyin heç bir nümayəndəsi iştirak etməyib.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilərin keçirildiyi gün - oktyabrın 4-də radikal müxalifət təmsilçiləri və tərəfdarları prezident sarayının həyətinə daxil olmağa cəhd göstəriblər. Onlar baryerləri aşaraq əraziyə soxulsalar da, polis əməkdaşları tərəfindən həyəti tərk etməyə məcbur ediliblər.
Hadisələr zamanı Daxili İşlər Nazirliyi (DİN) bir neçə şəxsi saxlayıb. DİN-in açıqlamasına əsasən, istintaqın birinci mərhələsində 15 nəfər müəyyən edilib, məhkəmə qərarı ilə 13 nəfər saxlanılıb.