Gürcüstan Azərbaycanla delimitasiya prosesinin davam etdirildiyini açıqladı
- 12 mart, 2020
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Hazırda Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesi davam etdirilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, qonşu ölkələrlə dövlət sərhədinin delimitasiyası məsələləri üzrə danışıqlarda Gürcüstan tərəfi hər zaman ölkənin milli maraqlarını rəhbər tutur: “Son zamanlar KİV və sosial şəbəkələrdə "Google Maps"da Gürcüstan-Azərbaycan sərhədindəki Keşikçi dağı məbəd kompleksinin bir hissəsinin Azərbaycan ərazisində göstərilməsi ilə bağlı məlumatlar yayılıb. XİN qeyd edir ki, "Google Maps"də dövlət sərhədləri sxematik olaraq verilib və heç bir qanuni qüvvəyə malik deyil. Buna baxmayaraq, nazirlik “Google” şirkətinin administrasiyası ilə məlumatın yoxlanılması üçün əlaqə saxlayacaq. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq”.
Bəyanatda bildirilib ki, dövlət sərhədinin delimitasiyası uzunsürən prosesdir və o, ikitərəfli səviyyədə və sərhədin bütün perimetri üzrə iki tərəfin razılığını tələb edir.
XİN Keşikçidağ məsələsinin ictimaiyyət üçün həssas və emosional adlandıraraq müsbət nəticənin yalnız danışıqlar yolu ilə əldə oluna biləcəyini qeyd edib.