Gürcüstan XİN ATƏT-ə etiraz notası göndərib
- 16 oktyabr, 2025
- 13:03

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanın xarici işlər naziri Elina Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Gürcüstana səfərindən narahatlığın ifadə olunduğu nota verib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, XİN etiraz notasını ATƏT Katibliyinə, eləcə də iştirakçı dövlətlərə ünvanlayıb.
Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Valtonen proqramına əlavə olaraq hökumət əleyhinə olan fəalların təşkil etdiyi kiçik küçə etirazına qatılıb və Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanat verib.
XİN qeyd edib ki, Valtonenin bu hərəkətləri ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrin mandatından sui-istifadə kimi qiymətləndirilə bilər. Bu da ATƏT sədrinə etimadı və gözlənilən neytrallığı sarsıdır.
"Bu hərəkətlər Helsinki Yekun Aktında, BMT qətnamələrində və ATƏT-in qayda və prosedurlarında əksini tapan beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır və Gürcüstanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir", – Xarici İşlər Nazirliyindən vurğulanıb.