Gürcüstan QHT-ləri Nəriman Nərimanovun heykəli ilə bağlı bəyanat yaydı

Region
  • 17 iyul, 2020
  • 15:33
Gürcüstan QHT-ləri Nəriman Nərimanovun heykəli ilə bağlı bəyanat yaydı

Gürcüstanda fəaliyyət göstərən ictimai təşkilatlar Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist Nəriman Nərimanovun Marneulidəki heykəli ətrafında baş verən proseslərlə bağlı bəyanat yayıblar.  

“Report”un yerli bürosu xəbər verir ki, QHT-lər son zamanlar abidə ilə bağlı gərginliyin artıdığını bildiriblər.

Bəyanat müəllifləri Gürcüstan hökumətini, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Aparatını abidə ətrafındakı siyasi gərginliyi azaltmağa çağırıblar.

Təşkilatlar qeyd ediblər ki, bölgədəki gərgin vəziyyətə baxmayaraq, bu günə qədər müvafiq dövlət qurumları baş verən proseslərə reaksiya vermir və məsələni tamamilə nəzərə almırlar.

QHT-lər hökuməti İşçi qrup yaratmağa və abidə ilə bağlı məsələni dinc yolla həll etməyə çağırıblar.

Sənədi Gürcüstanın İnsan Haqlarının Tədrisi və Monitorinqi Mərkəzi (EMC), Gənc Hüquqşünaslar Assosiasiyası, Tolerantlıq və Müxtəliflik İnstitutu (TDI) və Sovet Keçmişinin Araşdırılması Laboratoriyası imzalayıb.

Qeyd edək ki, N.Nərimanovun heykəlinin bu ilin mayında əsaslı bərpasından sonra onun götürülməsi ilə bağlı tələblər intensiv xarakter alıb. Ötən gün bu tələblə rayon mərkəzində aksiya keçirilib.