Gürcüstan parlamentində prezidentin impiçmenti qəbul edilməyib - YENİLƏNİB
- 18 oktyabr, 2023
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb.
“Report” xəbər verir ki, iclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.
“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, - deyə o vurğulayıb.
İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.
Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib. Belə ki, impiçmentin qəbulu üçün 100 səs tələb olunsa da, sənədin lehinə 86 deputat səs verib. 1 nəfər isə impiçmentin əleyhinə olub.
12:30
Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçment məsələsinin müzakirəsi başlayıb.
“Report” xəbər verir ki, bununla əlaqədar Salome Zurabişvili də parlamentə gəlib.
İclasda, həmçinin hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze də iştirak edir.
Xatırladaq ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.
Nəcməddin Quluzadə