Volski Avropa Komissiyasının Aİ-nin genişlənməsi ilə bağlı hesabatını tənqid edib

Region
  • 04 noyabr, 2025
  • 18:31
Volski Avropa Komissiyasının Aİ-nin genişlənməsi ilə bağlı hesabatını tənqid edib

Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsi ilə bağlı hesabatını tənqid edib.

"Report"un yerli bürosu xəbər verir ki, o, "Dghis Kronika"ya açıqlamasında sənədin ədalətli olmadığını bildirib.

Volskinin sözlərinə görə, hesabatda Gürcüstanın sanksiya rejiminə qoşulmaması əsas tənqid kimi göstərilsə də, ölkənin hərbi qarşıdurmadan yayınmasının səbəbləri qeyd olunmayıb:

"Bizi ittiham edirlər ki, onların müəyyən etdiyi sanksiya rejiminə qoşulmamışıq və buna görə də hərbi qarşıdurmaya girmirik, ikinci cəbhə açmırıq. Amma heç kim qeyd etmir ki, biz niyə bunu edə bilmirik. Ona görə də bu qiymətləndirmə vicdansızdır".

O, həmçinin qeyd edib ki, Gürcüstan beynəlxalq hesabatlarda, o cümlədən Avropa Şurasının "yaxşı idarəçilik" reytinqində ön sıralarda yer alır, lakin Avropa Komissiyasının sənədi bu göstəricilərlə ziddiyyət təşkil edir.

Volski hesabatda Gürcüstan ərazilərinin 20 faizinin işğal altında olması faktının qeyd edilməməsini "böyük ədalətsizlik" adlandırıb. O, həmçinin 4 oktyabr tarixində "prezident sarayına basqın cəhdi" ilə bağlı məsələyə də sənəddə toxunulmadığını deyib.

Parlament rəsmisi əlavə edib ki, Gürcüstan beynəlxalq sənədləri dəstəkləməkdən yayınmayıb və Rusiya ilə açıq qarşıdurmaya getməmək ölkənin təhlükəsizliyindən irəli gəlir:

"Bizim Avropa İttifaqının xarici siyasəti ilə tam üst-üstə düşmədiyimizi deyirlər, amma real vəziyyəti qeyd etmirlər. Gürcüstan ikinci cəbhə aça bilməz. Buna görə bizi cəzalandırmaq ədalətsizlikdir".

Son xəbərlər

Bütün Xəbər Lenti