Gürcüstan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Region
  • 06 noyabr, 2025
  • 16:22
Gürcüstan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Bakıya səfər edəcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, səfərin məqsədi Azərbaycan Konstitusiya Məhkəməsinin 30 illik yubiley tədbirlərində iştirak etməkdir.

Səfər öncəsi Revaz Nadaraia Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizovu və konsul Rüstəm Zərbəliyevi qəbul edib.

Baş konsulluqdan verilən məlumata görə, görüşdə Gürcüstan və Azərbaycan Konstitusiya məhkəmələri arasında uzun illər ərzində formalaşmış dostluq və tərəfdaşlıq əlaqələri müzakirə olunub.

Tərəflər, həmçinin Gürcüstan Konstitusiya Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfəri, yubiley tədbirlərində iştirakı və bu çərçivədə keçiriləcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

R.Nadaraia Azərbaycan xalqını Konstitusiyanın qəbulunun 30 illiyi münasibətilə təbrik edərək bildirib ki, Gürcüstan tərəfi gələcəkdə də hüquqi və institusional əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

"Bu əməkdaşlıq iki ölkə arasında tarixi dostluğun həm hüquqi, həm də beynəlxalq səviyyədə davamına töhfə verəcək," – Nadaraia vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti