Tbilisidə etirazçılar parlament binasının qarşısındakı yolu boşaldıblar - YENİLƏNİB

Region
  • 18 oktyabr, 2025
  • 22:52
Tbilisidə etirazçılar parlament binasının qarşısındakı yolu boşaldıblar - YENİLƏNİB

Tbilisidə hökumət əleyhinə etiraz aksiyasının iştirakçıları Gürcüstan Daxili İşlər Nazirliyinin xəbərdarlığından sonra parlament binasının qarşısındakı yolu boşaldıblar.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda parlamentin binası qarşısında az sayda insanın iştirakı ilə mitinq keçirilir.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi bəyanat yayaraq yolun hərəkət hissəsinin təmizlənməsinə çağırıb və hər kəsə mitinqlər üçün qaydaları sərtləşdirən yeni qanunun qüvvəyə mindiyini xatırladıb. Polis etirazçıları yoldan prospektin piyadalar üçün nəzərdə tutulan hissəsinə keçməyə çağırıb.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçılarına yolun hərəkət hissəsini boşaltmaq barədə müraciət edib və əks halda sərt tədbir görüləcəyini bildirib.

"Report yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir:

"Aksiya iştirakçılarını və təşkilatçılarını qanun tələblərinə əməl etməyə,"Yığıncaqlar və nümayişlər haqqında" qanunun 13-cü maddəsinə uyğun olaraq 15 dəqiqə ərzində yolun hərəkət hissəsini açmağa və Rustaveli prospektində nəqliyyatın maneəsiz hərəkətinə şərait yaratmağa çağırırıq", – DİN-in bəyanatında qeyd olunur.

Nazirlik xəbərdarlıq edib ki, tələblərə əməl olunmadığı halda aksiya iştirakçılarının şəxsiyyəti müəyyən ediləcək və qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar.

Hazırda Gürcüstan parlamentinin binası qarşısında kiçik etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları, piyada zonasında kifayət qədər yer olmasına baxmayaraq, yolun hərəkət hissəsini bağlayıblar.

Xatırladaq ki, Gürcüstan parlamenti 16 oktyabrda inzibati və cinayət məcəllələrinə dəyişikliklər qəbul edib. Yeni düzəlişlərə əsasən, piyada zonasında yerləşən aksiya zamanı yolun hərəkət hissəsini bağlayan şəxs 15 günədək inzibati həbs ediləcək. Eyni cəza aksiya zamanı maskada olmaq və ya qadağan olunmuş əşyalar daşımaq hallarında da tətbiq ediləcək.

Aksiya iştirakçıları DİN-in tələblərinə tabe olmazsa, silah və ya pirotexniki vasitələr daşıyarsa, onları 60 günədək həbs gözləyir. Təkrar qayda pozuntusu isə bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti