Gürcü analitik: Azərbaycan regionda əsas hərəkətverici qüvvələrdən biridir
- 01 sentyabr, 2026
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan regionda iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir.
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi, siyasi analitik Levan Nikoleişvili deyib.
Onun sözlərinə görə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığının artması və Ermənistanla münasibətlərdə sülh gündəliyinin irəliləməsi Cənubi Qafqazda iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər.
"İqtisadi xarakter daşıyan və ölkələrin inkişafına xidmət edən istənilən əməkdaşlıq Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlardan söhbət gedərkən Gürcüstanın mövqeyi ondan ibarətdir ki, ölkəmiz hər hansı məhdud çərçivəyə salınmamalıdır. Bu, bizə müxtəlif ölkələr və təşkilatlarla əməkdaşlıq etmək imkanı verir", - deyə analitik bildirib.
Nikoleişvili xüsusilə Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın vasitəsilə həyata keçirilən nəqliyyat və iqtisadi əlaqələr, o cümlədən Orta Dəhlizin inkişafı, Gürcüstan və bütövlükdə Cənubi Qafqaz üçün mühüm imkanlar yaradır:
"Azərbaycan bizim üçün təkcə strateji tərəfdaş, dost və mehriban qonşu deyil, həm də ən etibarlı ölkələrdən biridir. Əgər Azərbaycan iqtisadi münasibətlərdə fəal iştirak edir və bu, Gürcüstanla iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edirsə, biz bunu alqışlamalıyıq".
Analitik Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də toxunub. Onun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır.
"Hazırda bu ölkələr arasında sülh hökm sürür və böyük ümidimiz var ki, bu sülh gələcəkdə də davam edəcək. Daha vacib məsələ isə Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın və inkişafın daha yüksək səviyyəyə çatdırılmasıdır", – Nikoleişvili vurğulayıb.
O hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşması təkcə bu iki ölkənin deyil, Gürcüstanın və bütövlükdə Cənubi Qafqazın da maraqlarına cavab verir.