Giorgi Volski: Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülh üçün mühüm əhəmiyyət kəsb edir
- 28 oktyabr, 2025
- 20:17
Azərbaycan və Ermənistan arasında danışıqlar Cənubi Qafqazda sülh üçün mühüm əhəmiyyət kəsb edir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlament sədrinin birinci müavini və Ermənistan parlamenti ilə dostluq qrupunun rəhbəri Giorgi Volski Ermənistan Milli Assambleyasının nümayəndə heyəti ilə keçirilən görüşdə deyib.
Görüş zamanı Cənubi Qafqaz regionundakı son hadisələr diqqət mərkəzində olub.
G.Volski bildirib ki, Azərbaycan və Ermənistan arasında başlanmış, ABŞ-nin dəstəklədiyi danışıqlar prosesi regionda sülhün bərqərar olması üçün xüsusi əhəmiyyət daşıyır.
"Ümid edirik ki, bu danışıqlar uğurla yekunlaşacaq və Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyacaq", – Volski vurğulayıb.
Qeyd edək ki, görüşdə Ermənistan Milli Assambleyasının Elm, təhsil, mədəniyyət, diaspor, idman və gənclər komitəsinin sədri Sisak Qabrielyan və komitə üzvləri iştirak ediblər. Tərəflər Gürcüstanla Ermənistan arasında dostluq və tərəfdaşlıq münasibətlərini, eləcə də təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.