Ermənistan vətəndaşlarının 36,4 %-i yeni parlament seçkilərinin keçirilməsini dəstəkləyib

Region
  • 06 may, 2025
  • 14:19
Ermənistan vətəndaşlarının 36,4 %-i yeni parlament seçkilərinin keçirilməsini dəstəkləyib

Ermənistan vətəndaşlarının 36,4 %-i baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının ən təsirli yolunun növbədənkənar parlament seçkilərinin keçirilməsi olduğunu hesab edir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “Gallup International Аssociation”ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

Sorğuda iştirak edənlərin 29,8 %-i Paşinyanın istefasının lehinə səs verib, 16,9 %-i isə onun öz vəzifəsini tərk etməməli olduğunu qeyd edib. 10,1 % bunun etiraz aksiyaları keçirməklə təzyiq yolu ilə baş verməli olduğunu düşünür, respondentlərin 5 %-i impiçmentin elan edilməsini dəstəkləyib.

Sorğuya əsasən, əgər qarşıdan gələn bazar günü parlament seçkiləri təyin edilsəydi, 11,5 % Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyasına, 8 % Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın siyasi blokuna, 3,7 % isə keçmiş prezident Serj Sarkisyanın siyasi blokuna səs verəcəkdi.

Respondentlərin 23,7 %-i seçkilərdə iştirak etməyəcəyini bildirib; 18,5 % cavab verməkdə çətinlik çəkib, qalan səslər 0,3 %-dən 3 %-ə qədər müxtəlif siyasi qüvvələr arasında bölüşdürülüb.

Sorğu aprelin 29-dan mayın 2-dək 1 101 respondent arasında keçirilib.

44 filmi