Ermənistan və Fransa rəsmiləri Azərbaycanla normallaşma prosesini müzakirə ediblər
- 15 sentyabr, 2025
- 23:22

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüş zamanı Kostanyan həmsöhbətinə avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları müzakirə edib.
Həmsöhbətlər Ermənistanın Avropaya inteqrasiyasının daha da dərinləşdirilməsi perspektivlərini və bu kontekstdə Ermənistan-Fransa əməkdaşlığının imkanlarını müzakirə ediblər. Tərəflər strateji tərəfdaşlığın yaradılmasının vacibliyini vurğulayıblar.
Həmçinin beynəlxalq və regional gündəlikdəki digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.