Ermənistan parlamentinə seçkilərin yekun nəticəsi açıqlanıb

Region
  • 03 aprel, 2017
  • 08:46
Ermənistan parlamentinə seçkilərin yekun nəticəsi açıqlanıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Ermənistan Mərkəzi Seçki Komissiyası 2009 məntəqəsinin hamısında seçki bülletenlərini sayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistanın hakim Respublikaçılar Partiyasına seçkidə iştirak edən seçicilərin 49,12 faizi səs verib.

Qanunverici orqanda yer almaq üçün partiyalar 5, partiya blokları isə 7 faizlik həddi aşmalıdırlar.

Məlumata görə, siyasi partiya və bloklara verilən səslərin yekunu aşağıdakı kimidir:

"Tsarukyan" bloku - 27,32 faiz (428 965 səs), "Çıxış" bloku - 7,77 faiz (122 049), “Daşnaksütyun” Partiyası 6,57 faiz (103 173), "Erməni dirçəlişi" Partiyası - 3,71 faiz (58 277), "Ohanyan-Raffi-Oskanyan" bloku - 2,7 faiz (32 504), “Ermənistan Xalq Partiyası - Konqres” bloku - 1,65 faiz (25 975), "Azad demokratlar" Partiyası - 0,94 faiz (14 746), Ermənistan Kommunist Partiyası - 0,75 faiz (11 745 )

Xatırladaq ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə beş partiya və dörd partiya bloku iştirak edib.

Qeyd edək ki, yekun nəticələr açıqlandıqdan altı gün sonra parlamentdə sabit əksəriyyəti (yerlərin 54%-i) yaratmaq mümkün olmasa, seçkilərdən sonrakı 28-ci gün ilk mərhələdə ən çox səs yığmış 2 partiya arasında ikinci turun səsverməsi keçiriləcək. Seçkilərin yekun nəticələri səsvermə prosesi başa çatandan sonra bir həftə ərzində açıqlanacaq.