Ərdoğanın sözçüsü: “Türkiyənin Dəməşqdəki rejimlə rəsmi təmas qurması mümkün deyil”

Region
  • 21 fevral, 2018
  • 10:36
Ərdoğanın sözçüsü: “Türkiyənin Dəməşqdəki rejimlə rəsmi təmas qurması mümkün deyil”
Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın

Bakı. 21 fevral. REPORT.AZ/ “Bizim Dəməşqdəki rejimlə rəsmi təmas qurmağımızdan söhbət gedə bilməz və bu müzakirə mövzusu deyil”.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Astana çərçivəsində 3 təminatçı dövlətdən biri olaraq, Suriya ərazisində baş verən hadisələri əlaqələndirmək üçün mexanizm yaratmışıq. Vaxtaşırı olaraq bu mesajlar Rusiya və İran vasitəsilə Dəməşqdəki rejimə də çatdırılır”, - o, vurğulayıb. 

İ.Kalın bildirib ki, bu çətin və dolayı bir mexanizmdir: “Fövqəladə şəraitdə zərurət yaranarsa kəşfiyyat qurumumuzun birbaşa və ya dolayı yolla təmas qurması mümkündür. Ancaq Ankara-Dəməşq arasında siyasi və başqa sahələrdə birbaşa təmas qurulmasından söhbət gedə bilməz”.

Qeyd edək ki, BMT Suriyada Bəşşar Əsəd hökumətini tanıyır. Amma rəsmi Ankara onun legitimliyini qəbul etmir.