Ərdoğan Trampla müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib
- 28 yanvar, 2026
- 00:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Məlumat yayıb.
Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyət, Qəzza üzrə Sülh Şurası ilə bağlı proses və müdafiə sənayesi başda olmaqla, regional və qlobal məsələləri müzakirə ediblər.
"Ərdoğan Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini qeyd edib və bildirib ki, bütün sahələrdə münasibətlərin daha irəli səviyyələrə daşınması hər iki ölkənin ortaq mənafeyinə uyğundur", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Türkiyə lideri Suriyada atəşkəs anlaşmasının tam şəkildə yerinə yetirilməsinə böyük önəm verdiyini qarşı tərəfin diqqətinə çatdırıb və prosesi həm ABŞ, həm də Suriya rəsmiləri ilə əlaqəli şəkildə yaxından izlədiklərini bildirib.
"Prezident Ərdoğan Qəzza üzrə Sülh Şurasının Qəzzadakı humanitar fəlakətin sonlandıracağına və Qəzzanın bərpası ilə bölgədə davamlı sülhün bərqərar olacağına inandığını söyləyib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu, liderlər arasında bir həftə ərzində ikinci telefon danışığıdır. Yanvarın 21-də də onlar ikitərəfli əlaqələri, regional və qlobal hadisələri müzakirə etmişdilər.
Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl suriyalı həmkarı Əhməd Əl Şaraanın Rusiyaya səfərindən öncə onunla "möhtəşəm" danışıqlar apardığını bildirmişdi.