Türkiyə lideri: TDT üzvləri müdafiə xərclərini artırmaq üçün addımlar atır
- 08 oktyabr, 2025
- 12:17

Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri müdafiə xərclərini artırmaq və təhlükəsizlik sahəsində addımlar atır.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, TDT artıq sadəcə mədəni birlik yox, həm də strateji həmrəylik platformasıdır:
"Dünyadakı gərginliklər təşkilata üzv ölkələri də yaxından maraqlandırır. Münaqişə bölgələrinə yaxınlıqlar nəzərə alınarsa, demək olar ki, ailə məclisimiz bu gərginliklərdən dünyanın digər ölkələrinə nisbətən daha çox təsirlənir".
Türkiyə Prezidenti hesab edir ki, risk olan yerdə tədbirlər də mütləq görülməlidir:
"Kəşfiyyat, sərhəd təhlükəsizliyi və kibertəhlükəsizlik daxil olmaqla çoxvektorlu əməkdaşlığı müzakirə edirik. Dünyada müdafiə xərclərini artırmaq və təhlükəsizlik sahəsində irəli addımlar atmaq meyli mövcuddur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq, biz də bu istiqamətdə addımlar atırıq. Gələcəyə yönəlik addımlar hərtərəfli qiymətləndirilir".