Ərdoğan deputatların parlamentdəki davasına münasibət bildirib
- 12 fevral, 2026
- 15:41
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində CHP-li deputatların da iştirakı ilə baş verən davaya münasibət bildirib.
"Report" xəbər verir ki, Ərdoğan bu addımı "təkəbbürlü davranış" adlandırıb.
"Milli Məclisdə yaşananları hamınız görmüsünüz. CHP-nin faşist və təkəbbürlü düşüncə tərzinə bir daha hamılıqla şahid olduq. Yeni nazirlərimizin andiçmə mərasiminə mane olmaq üçün hər cür qanunsuzluğa, o cümlədən millətin kürsüsünü zəbt etməyə qədər uzanan bütün zorakılıq üsullarına əl atdılar. Amma buna nail ola, bu gedişatı dayandıra bilməyəcəksiniz. Bu prosesi dayandırmağa nə əliniz, nə də gücünüz çatacaq".
Türkiyə lideri Milli Məclisin dava meydanı olmadığını xatırladaraq bu hərəkəti utanc kimi qiymətləndirib.
"Siz Milli Məclisə davanı, nifrəti, qəzəbi daşımaqdan heçmi narahat olmursunuz, heçmi utanmırsınız? Daha nə qədər özünüzü rüsvay edəcək, alçaldacaq, sizə səs verən vətəndaşlarımızın başını yerə əydirəcəksiniz?"
R.T.Ərdoğan dünənki hadisəni qətiyyətlə pislədiyini və rədd etdiyini də vurğulayıb.
Qeyd edək ki, fevralın 11-də TBMM-də CHP-dən olan deputatların yeni təyin edilən ədliyyə naziri Akın Gürlek və daxili işlər naziri Mustafa Çiftçinin andiçmə prosesini pozmaq cəhdi AKP-li deputatlarla əlbəyaxa davaya səbəb olub.