Ərdoğan: Beynəlxalq ictimaiyyət Suriyada terror təşkilatlarını ruhlandıracaq fəaliyyətlərdən çəkinməlidir
- 26 sentyabr, 2025
- 13:18
Beynəlxalq ictimaiyyət də Suriyada sülh və sabitlik üçün addımlar atmalı, bölgədə terror təşkilatlarını ruhlandıracaq fəaliyyətlərdən çəkinməlidir.
"Report" TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il Suriya hökumətinin BMT Baş Assambleyasında iştirakı onun beynəlxalq legitimliyi baxımından olduqca vacibdir:
"Eyni zamanda, Suriya iqtisadiyyatının və infrastrukturunun bərpası da çox əhəmiyyətlidir. Biz Suriya ilə bütün sahələrdə əməkdaşlıq layihələrini inkişaf etdiririk, hər zaman Suriyanın suverenliyinə və ərazi bütövlüyünə önəm veririk. Suriyada insanların sülh içində yaşadığı bir ölkə görmək istəyirik. Suriya rəhbərliyi də bizimlə eyni hissləri bölüşür. Bunu pozacaq heç bir təşəbbüsə göz yummayacağıq".
Türkiyə Prezidenti əlavə edib ki, terror təşkilatlarının Suriyanın gələcəyində yeri yoxdur, ola da bilməz:
"Beynəlxalq ictimaiyyət də Suriyada sülh və sabitlik üçün addımlar atmalı, bölgədə terror təşkilatlarını ruhlandıracaq fəaliyyətlərdən çəkinməlidir. Xüsusilə, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasını da çox önəmli hesab edirik".