Dmitri Peskov: Cenevrə danışıqlarında geniş spektrli məsələlər müzakirə ediləcək
- 16 fevral, 2026
- 13:56
Əbu-Dabidəki ilə müqayisədə Cenevrə danışıqlarında daha geniş spektrli məsələlər müzakirə ediləcək.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün Cenevrəyə yola düşməzdən əvvəl Prezident Vladimir Putindən ətraflı təlimat alıb.
"Sözsüz ki, prezident danışıqçılarımızla mütəmadi qaydada təmasdadır. Əlbəttə ki, onlar uçuş ərəfəsində ətraflı təlimatlar alırlar", - mətbuat katibi bildirib.
Peskov qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi genişləndiriləcək, heyətə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov daxil olub.
Qeyd edək ki, Ukrayna nizamlanması üzrə danışıqların yeni raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir.