Dimaş Aljanov: Qazaxıstan üçün TDT çərçivəsində təhlükəsizlik məsələlərinin müzakirəsi vacibdir
- 06 oktyabr, 2025
- 15:40

Türkdilli Dövlətlər Təşkilatının (TDT) gündəliyi ənənəvi ortaq tarix və mədəniyyət mövzularından Qazaxıstan üçün çox vacib olan iqtisadi və ümumi təhlükəsizlik məsələlərinə keçib.
Bunu "Report"a müsahibəsində qazaxıstanlı politoloq Dimaş Aljanov bildirib.
"Azərbaycanda keçiriləcək TDT sammitində iqtisadi əməkdaşlıq və ümumi təhlükəsizlik məsələlərinin müzakirəsi vaxtında atılmış düzgün addım olacaq. Söhbət iştirakçı ölkələrin milli iqtisadiyyatlarının daha da gücləndirilməsi və risklərin şaxələndirilmısi ilə bağlı müzakirələrdən gedir. Bu cür gündəlik Qazaxıstanın hazırkı administrasiyasının mövqelərini gücləndirməyə imkan verəcək", - o qeyd edib.
Ekspertin sözlərinə görə, Qazaxıstanın TDT ölkələri ilə qarşılıqlı fəaliyyəti mövzusu cəmiyyətdə ənənəvi olaraq müsbət qarşılanır.
Aljanov sammitdə Zəngəzur dəhlizi məsələsinin də gündəmə gətirilə biləcəyini istisna etməyib. "Bu mövzu Qərb ölkələri, o cümlədən Tramp administrasiyası tərəfindən dəstəklənir. Bundan əlavə, gələcəkdə Ermənistanın ticarət marşrutlarının genişləndirilməsi ilə bağlı ümumi tendensiyaya qoşulması istisna edilmir. Bütün bu proseslər Qazaxıstanın milli maraqlarına cavab verir və onun tranzit potensialının artırılmasına kömək edir", - politoloq vurğulayıb.
Xatırladaq ki, 6-7 oktyabr tarixlərində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının "Regional sülh və təhlükəsizlik" mövzusunda XII Zirvə Görüşü keçiriləcək.