Dağıstanda magistral qaz kəmərində yanğın söndürülüb – YENİLƏNİB

Region
  • 10 iyun, 2026
  • 00:17
Dağıstanda magistral qaz kəmərində yanğın söndürülüb – YENİLƏNİB

Dağıstanın Qızılyurd rayonunda "Mozdok-Kazımaqomed" magistral qaz kəmərində partlayışdan sonra baş verən yanğın söndürülüb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verib.

"Hazırda yanğın söndürülüb. Ölən və ya xəsarət alan yoxdur", - açıqlamada deyilir.

Qeyd olunur ki, qaz kəmərindəki alovun hündürlüyü 15 metrə çatıb. Təhlükəsizlik məqsədilə Nijni Çıryurt və Gelbax kəndlərində ümumilikdə 310 ev təxliyə edilib.

Nazirlik bildirib ki, hazırda partlayışın nəticələrinin aradan qaldırılmasına 12 yanğınsöndürən və üç texnika cəlb olunub.

Dağıstanda Qızılyurdun sənaye zonasındakı qazpaylayıcı stansiyada güclü yanğın olub.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsindən bildirilib.

"Dağıstanda magistral qaz kəmərində üç partlayış baş verib, daha sonra isə güclü yanğın başlayıb", - məlumatda qeyd olunub.

Sosial şəbəkələrdəki videolardan görünür ki, alov kilometrlərlə uzaqdan müşahidə edilir.

Hadisə yeri əhatəyə alınıb, yaxınlıqdakı evlərin sakinlərinin təxliyəsi məsələsinə baxılır.

44 - Tezliklə