Çeçalaşvili: Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazı yeni inkişaf mərhələsinə çıxara bilər
- 14 may, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın sülh təşəbbüsləri Cənubi Qafqazı yeni inkişaf mərhələsinə çıxara bilər.
Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Valeri Çeçalaşvili Cənubi Qafqaz regionunun iqtisadi potensialı və gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini "Report"un yerli bürosu ilə bölüşərkən deyib.
O bildirib ki, Azərbaycan illik dəyəri təxminən 75 milyard ABŞ dolları olan ümumi daxili məhsulla regionun ən böyük iqtisadiyyatına malik ölkəsidir:
"Halbuki Gürcüstanın iqtisadiyyatı ildə 42 milyard ABŞ dolları, Ermənistanın iqtisadiyyatı isə təxminən 33 milyard ABŞ dolları dəyər yaradır. Bu səbəbdən Cənubi Qafqazda ümumi iqtisadi və siyasi mənzərənin formalaşmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır".
Ekspert qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri regionu sabitlik, inteqrasiya və inkişaf məkanına çevirməyə yönəlib və bu prosesin əhəmiyyəti böyükdür.
"Lakin qarşıda hələ görüləsi çox iş var. Ümumilikdə, üç ölkənin iqtisadiyyatlarını birlikdə götürdükdə bu göstərici hətta Slovakiya iqtisadiyyatından da kiçikdir. Amma yeni şərtlər, xüsusilə də sülh müqaviləsinin imzalanmasından sonra həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə arasında diplomatik münasibətlərin qurulması regionu tamamilə yeni mərhələyə çıxaracaq", - deyə o vurğulayıb.
Çeçalaşvili əlavə edib ki, bu proses Cənubi Qafqaza daha çox investisiya, yeni imkanlar və iqtisadi fəallıq gətirə bilər. Onun sözlərinə görə, yaxın beş il ərzində region iqtisadiyyatının iki dəfə artması real perspektiv kimi görünür.