Boçorişvili: Avropa ölkələri və paytaxtları ilə dialoq son vaxtlar intensivləşib

Region
  • 13 oktyabr, 2025
  • 12:28
Boçorişvili: Avropa ölkələri və paytaxtları ilə dialoq son vaxtlar intensivləşib

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Avropa ölkələri və onların paytaxtları ilə dialoq son dövrlərdə daha da intensivləşib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazir bu barədə "İmedi" telekanalına müsahibəsində danışıb.

Boçorişvilinin sözlərinə görə, Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərdə mövcud vəziyyət ədalətli deyil və bu münasibətlərin yenilənməsi vacibdir: "Gürcüstana münasibət qətiyyən ədalətli deyil. Bunu dəyişmək lazımdır. Gürcüstan və Avropa İttifaqı arasında mövcud ehtiyaclar və maraqlar bölüşülməlidir".

Nazir vurğulayıb ki, Aİ-nin Gürcüstana ehtiyacı Gürcüstanın Avropaya olan ehtiyacı qədər vacibdir və bu, geosiyasi reallıqlardan irəli gəlir: "Bu, birtərəfli ehtiyac deyil. Təkcə Gürcüstanın Avropa İttifaqına deyil, Avropa İttifaqının da Gürcüstana ehtiyacı var. Bunun öz geosiyasi izahı var və bu, Brüsseldə də başa düşülməlidir."

Boçorişvili, həmçinin qeyd edib ki, əgər Gürcüstanı Avropa İttifaqından tamamilə ayırmaq cəhdi olsa, bu, Brüsselin və Avropanın maraqlarına deyil, başqalarının maraqlarına xidmət edərdi: "Bu, cəza əməliyyatı olardı, amma ümid edirəm ki, belə bir şey baş verməyəcək".

Nazir sonda əlavə edib ki, Avropa ölkələri ilə dialoq genişlənir və getdikcə daha çox paytaxt Brüsselin Gürcüstana münasibətini yenidən qiymətləndirməyə başlayır:

"Daha çox ölkə və paytaxt anlayır ki, Gürcüstanla münasibətlər bu şəkildə qurula bilməz. Əminəm ki, bu münasibətlər dəyişəcək və dialoq daha ədalətli və konstruktiv olacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti