Azərbaycanlıların ölümünə səbəb olan sürücüyə qarşı ittiham irəli sürülüb
- 18 avqust, 2020
- 10:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi yaxınlığında Kvemo Poniçala qəsəbəsində Məmmədovlar ailəsinin 4 üzvünün ölümü ilə nəticələnən qəzanı törədən qadın sürücüyə qarşı rəsmən ittihamlar irəli sürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.
1995-ci il təvəllüdlü P.Q. adlı qadına qarşı ittihamlar Cinayət Məcəlləsinin iki – alkoqolun təsiri altında iki və ya daha çox insanın ölümü ilə nəticələnən yol qəzasının törədilməsi və həyatı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək və ilk tibbi yardımın göstərilməməsi maddələri üzrə irəli sürülüb.
Baş Prokurorluq qadın barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, ağır yol qəzası avqustun 15-də axşam saatlarında baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil öncə işıq dirəyinə çırpılıb, daha sonra toydan qayıdan 7 piyadanı vurub. Nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər ölüb, 3 nəfər isə xəsarətlər alıb. Qadın sürücü hadisə yerindən qaçıb. Polis onu avqustun 16-da saxlayıb.