Azərbaycan vətəndaşı Rusiyadan Gürcüstan vasitəsilə təxliyə olundu

Region
  • 22 mart, 2020
  • 12:12
Azərbaycan vətəndaşı Rusiyadan Gürcüstan vasitəsilə təxliyə olundu

Gürcüstan-Rusiya sərhədindəki “Lars” sərhəd-keçid məntəqəsində bir Azərbaycan vətəndaşı neytral ərazidə qalıb.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya tərəfi Azərbaycan vətəndaşının Gürcüstan ərazisinə keçməsinə icazə versə də, qarşı tərəf mövcud olan məhdudiyyətə görə onu ölkə ərazisinə buraxmayıb.

Səfirlik məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi ilə danışıqlar aparıb və Azərbaycan vətəndaşının ölkəyə girişinə icazə verilib. Hazırda həmin şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi və polis maşınının müşayiəti ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə aparılır və bir neçə saatdan sonra onun Azərbaycan ərazisinə təxliyəsi təmin olunacaq.

Qeyd edək ki, koronavirusla bağlı olaraq Gürcüstan martın 18-dən əcnəbi vətəndaşların ölkə ərazisinə girişinə müvəqqəti qadağa qoyub. Ölkə ərazisinə yalnız Gürcüstan vətəndaşları daxil ola bilir. 

44 - Tezliklə