Avstraliyanın Baş naziri: COP31 Türkiyədə keçiriləcək

Region
  • 20 noyabr, 2025
  • 11:19
Avstraliyanın Baş naziri: COP31 Türkiyədə keçiriləcək

Türkiyə gələn il qlobal iqlim sammiti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasını (COP31) qəbul edəcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze "Australian Broadcasting Corp Radio"ya açıqlayıb.

Onun sözlərinə görə, tərəflər kompromisə gəliblər - Türkiyə COP31 sammitinə sədrlik edəcək, "pre-COP" tədbirləri Sakit okean regionunda keçiriləcək, Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

"Biz düşünürük ki, bu həm Avstraliya, həm də Türkiyə üçün böyük qələbədir", - o bildirib.

Agentlik, həmçinin qeyd edir ki, Türkiyə COP31-i Antalya şəhərində keçirəcək.

Bu həftənin əvvəlində E.Albaneze bəyan edib ki, ölkəsi COP31-i Türkiyə ilə birgə keçirməyəcək.

Avstraliya və Türkiyə COP31-ə ev sahibliyi etmək üçün ərizələri hələ 2022-ci ildə təqdim ediblər və heç bir ölkə öz namizədliyini geri götürməyib, bu isə uzunmüddətli qeyri-müəyyənliyə səbəb olub.

BMT-nin qaydalarına görə, Avstraliya və Türkiyənin daxil olduğu "Qərbi Avropa və digər dövlətlər" (WEOG) qrupunun ölkələrinin yekdil razılığı tələb olunur. Əgər konsensus əldə olunmasa, ev sahibliyi hüququ avtomatik olaraq BMT-nin iqlim bölməsinin qərargahının yerləşdiyi Bonn şəhərinə (Almaniya) keçəcək. Lakin Almaniya hakimiyyəti artıq COP31-ə ev sahibliyi etməkdə maraqlı olmadığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti