Hakim partiya: Avropalı siyasətçilər Gürcüstan hökumətinə qarşı hücuma keçiblər - YENİLƏNİB
- 13 may, 2024
- 08:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirləri Gürcüstana gəlir. Məqsəd isə radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin hakim “Gürcü Arzusu” partiyası bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, onların arasında Qabrielius Landsbergis (Litva), Marqus Canka (Estoniya), Thordis Gilfadotri (İslandiya) və Baiba Braze (Latviya) yer alır. Həmçinin, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Zigimantas Pavilionis və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen də var.
"Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanən “Qərb kursunu” dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə Milli Hərəkatı dəstəkləyir və Gürcüstan hökumətinə qarşı hücuma keçiblər. Bunu təsdiqləyən çoxlu faktlar var", - deyə bəyanatda vurğulanıb.
11:44
Tbilisiyə səfər edən avropalı siyasətçilər, xüsusən də Avropa İttifaqına üzv olan bir sıra ölkələrin xarici əlaqələr komitələrinin sədrləri Gürcüstanın müxalifət təmsilçiləri ilə görüşlər keçirirlər.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, onların arasında Almaniya, Polşa, Çexiya, Litva və Estoniyanın xarici əlaqələr komitələrinin sədrləri də var.
Müxalifətçi siyasətçilərin sözlərinə görə, görüşün əsas mövzularından biri “Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsi olacaq.
Mayın 13-15-də baş tutacaq səfər zamanı nümayəndə heyəti Gürcüstan hökuməti və vətəndaş cəmiyyəti ilə də görüşəcəklər.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.