Avropa İttifaqı Orta Dəhliz çərçivəsində əməkdaşlıq üçün koordinasiya strukturu yaradacaq
- 21 oktyabr, 2025
- 22:54

Avropa İttifaqı Türkiyə və Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək yeni regionlararası inkişaf təşəbbüsünün həyata keçirilməsini dəstəkləyəcək koordinasiya strukturu yaratmaq niyyətindədir.
"Report"un Avropa bürosu bu barədə Avropa Komissiyasına istinadən xəbər verir.
"Təşəbbüs iştirakçıları, beynəlxalq maliyyə institutları, özəl investorlar və maraqlı üçüncü tərəflər arasında bu işi əlaqələndirəcək strukturun yaradılması nəzərdə tutulur", - AK bildirib.
Bu məsələ noyabrın 27-də Daşkənddə keçiriləcək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) İştirakçılarının və İnvestorlarının Forumunda müzakirə olunacaq. Tədbirdə həmçinin prioritet investisiyalar və nəqliyyat əlaqələrini təmin etmək üçün tədbirlər müzakirə olunacaq.
"Avropa Orta Dəhliz boyunca yerləşən ölkələrə yüksək keyfiyyətli investisiyalar və tam tərəfdaşlıq təklif edir. Bu, onun təkliflərini digərlərindən daha cəlbedici edir", - hesabatda qeyd olunub.