Vyetnam Prezidenti: Qazaxıstan Mərkəzi Asiyada ilk strateji tərəfdaşımız olacaq
- 06 may, 2025
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Astanaya ilk səfəri iki ölkə arasında möhkəm dostluğun parlaq təsdiqidir.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Kasım-Jomart Tokayev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə danışıqlar zamanı bildirib.
"Vyetnam Qazaxıstanın Asiyada mühüm tərəfdaşıdır. Firavanlıq yolunda bizim istəklərimiz bir çox cəhətdən üst-üstə düşür. İki il əvvəl Vyetnama rəsmi səfərim zamanı ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini inkişaf etdirməyi razılaşdırdıq. Gələn ay ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 33 il tamam olur. Əminəm ki, iki xalqın dostluq əlaqələri bundan sonra da möhkəmlənəcək. Biz ümumi məqsədlərə çatmaq üçün həmişə səy göstərməyə hazırıq", - K.Tokayev bildirib.
To Lam öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O, danışıqların nəticələrinin Qazaxıstan və Vyetnam arasındakı əlaqələrin üfüqlərini genişləndirəcəyinə əminliyini ifadə edib.
"Vyetnama səfərinizdən cəmi iki il sonra bizim nümayəndə heyətimizin ölkənizi ziyarət etmək qərarı, dövlətlərimiz arasında əməkdaşlığın fəal inkişafını, həmçinin qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir. Qazaxıstan Vyetnamın Mərkəzi Asiyada ilk strateji tərəfdaşı olacaq", - T.Lam bildirib.