Əraqçi: İran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır
- 15 mart, 2026
- 19:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Tehran bir dəfə də olsun, atəşkəs xahişi ilə Vaşinqtona müraciət etməyib, İslam Respublikası lazım olduğu qədər müdafiə oluna bilər.
"Report"un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CBS" telekanalına müsahibəsində bildirib.
"Xeyr, biz bir dəfə də olsun, atəşkəs xahişi ilə müraciət etməmişik, eləcə də danışıqların təşəbbüskarı olmamışıq. Biz müdafiəmizi nə qədər lazımdırsa, o qədər təmin etmək iqtidarındayıq", - deyə o bəyan edib.
İran XİN rəhbəri həmçinin qeyd edib ki, İran ABŞ ilə danışıqlara başlamaq üçün hər hansı ciddi səbəb görmür.
"Xalqımızı bu təcavüz aktından qorumaq üçün kifayət qədər sabitliyə və gücə malikik. Amerika tərəfi ilə danışıqlar aparmaq üçün əsas görmürük. Əvvəllər onlarla bizə hücum etdikləri məqamda dialoqa girmişdik, oxşar vəziyyət ikinci dəfə də təkrarlandı. Amerikalılarla qarşılıqlı əlaqədə müsbət təcrübəmiz yoxdur", - deyə Əraqçi vurğulayıb.
O həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatları mövzusuna da toxunub.
"Bu ehtiyatlar dağıntılar altındadır. Nüvə obyektlərimiz hücuma məruz qalıb ( 2025-ci ildə ABŞ-nin əməliyyatı zamanı - red.), ona görə də hər şey orada qalıb", – deyən XİN rəhbəri, uranı çıxarmağın texniki imkanının olduğunu izah edib.
"Əgər bir gün bununla məşğul olmağın lazım olduğuna qərar versək, o zaman Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında işləyəcəyik. Hələlik belə bir işlə məşğul olmaq planımız yoxdur. Biz uranı dağıntılar altından çıxarmağı planlaşdırmırıq", – deyə nazir qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.