Ankarada İƏT-in 1-ci Müsəlman Diaspor Forumu keçirilir
- 08 sentyabr, 2026
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ankarada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 1-ci Müsəlman Diaspor Forumunda iştirak edir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, sentyabrın 8–9-da keçirilən forumun əsas mövzusu "Köklərdən yollara" ("From Roots to Routes") həsr olunub.
Komitə sədri çıxışında bildirib ki, müasir dünyada diaspora anlayışı artıq yalnız öz tarixi vətənlərindən kənarda yaşayan icmalarla məhdudlaşdırıla bilməz:
"Diasporlar xalqları, mədəniyyətləri, bilikləri və əməkdaşlığı mənşə ölkələri ilə yaşadıqları ölkələr arasında birləşdirən canlı körpülərə çevriliblər. Onlar yaşadıqları cəmiyyətlərin sosial, iqtisadi, elmi və mədəni həyatına mühüm töhfələr verir, eyni zamanda tarixi vətənləri ilə əlaqələrini, milli kimliklərini, dillərini və mədəni irslərini sədaqətlə qoruyub saxlayırlar".
F.Muradov onu da qeyd edib ki, Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsinə, onların təşkilatlanmasının dəstəklənməsinə, milli kimliyin qorunub saxlanmasına və yaşadıqları ölkələrin ictimai həyatında fəal iştiraklarının təşviq edilməsinə xüsusi əhəmiyyət verir: "Prezidentimizin müəyyən etdiyi siyasəti rəhbər tutaraq, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan icmaları ilə əlaqələrimizin genişləndirilməsinə, diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə, Azərbaycan evlərinin, bazar günü məktəblərinin və digər diaspora təsisatlarının daha da inkişaf etdirilməsinə xüsusi önəm veririk".
Qeyd edək ki, forum İƏT-in Ankarada yerləşən qurumu – İslam Ölkələri üçün Statistika, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Türkiyənin Xarici İşlər Nazirliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları üzrə Rəyasət Heyəti (YTB) ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Forumun əsas məqsədi diaspor siyasəti və təşəbbüsləri üzrə təcrübə mübadiləsini təşviq etmək, İƏT üzv dövlətlərinin diaspor institutları arasında əməkdaşlığı gücləndirmək və müsəlman diasporlarının potensialından daha səmərəli istifadə imkanlarını müzakirə etməkdir.