Ankarada "Dünya Türk Dili Ailəsi Günü" ilə bağlı müzakirələr aparılıb
- 15 dekabr, 2025
- 14:05
Ankarada "Dünya Türk Dili Ailəsi Günü"nə həsr olunmuş panel müzakirələri keçirilib.
"Report"un Türkiyə bürosunun məlumatına görə, "Dünya Türk Dili Ailəsi Günü"nə həsr olunmuş tədbir Türk Dil Qurumu (TDQ) tərəfindən təşkil edilib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO və Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurasının dəstəyi ilə keçirilən tədbirdə Türkiyədəki diplomatik nümayəndəliklərin təmsilçiləri, dilçilər və elm ictimaiyyəti iştirak edib.
Türk Dil Qurumunun sədri professor Osman Mert açılış nitqi ilə çıxış edərək türk xalqlarının kimliyinin təməli olaraq dilə hörmətin vacibliyindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində dil sahəsində sıx əməkdaşlıqdan danışıb.
Professor Bakıda keçiriləcək Birinci Türk Dili Qurultayının işi barədə danışaraq deyib ki, 100 il sonra - 2026-cı ildə keçirilməsi planlaşdırılan bu tədbir Türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir və qurultayın təşkili ilə bağlı Azərbaycan Elmlər Akademiyası ilə sıx əməkdaşlıq edilir.
Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurasının sədri professor Derya Ors deyib ki, mədəniyyət və dil bir dövlətin "yumşaq gücü"dür və vacib komponentidir. O bildirib ki, Türk dillərinin gənclər arasında təbliği və yayılması hazırda çox aktual, vacib məsələlərdəndir.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Prezident Rəcəb Tayyib Ərdoğanın Türk dövlətlərinin inteqrasiyasına töhfələrini vurğulayıb.
Tədbir panel müzakirələri ilə davam edib.
Qeyd edək ki, 15 dekabr UNESCO tərəfindən "Dünya Türk Dili Ailəsi Günü" elan edilib.