Ankara Universitetinin rektoru: Azərbaycan uzun illərin yaralarını qısa müddətdə sağaldıb
- 09 oktyabr, 2026
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan uzun illərin yaralarını qısa müddətdə sağaltmağa nail olub.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçısı, Ankara Universitetinin rektoru Necdet Ünüvar deyib.
O, uzun illərdən sonra Qarabağın, o cümlədən Xocalının öz azadlığına qovuşduğunu xüsusi məmnunluqla vurğulayıb:
"Biz uzun müddət xəyallarımızda təsəvvür etdiyimiz Xocalıdayıq, burada şəhidlərimizin ruhu dolaşan yerləri ziyarət edirik. Mən neçə il Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etdim. O dövrdə də 26 fevral tarixini, Xocalı soyqırımının qurbanlarını hər il dərin kədərlə anırdıq".
Rektor Qarabağın bərpası istiqamətində həyata keçirilən işləri də yüksək qiymətləndirib:
"Beş il öncə, Şuşa Bəyannaməsinin imzalanma mərasimində iştirak üçün avtomobillə 6,5 saata Bakıdan Şuşaya gəlmişdim. Amma indi təyyarə ilə Füzuliyə, oradan da avtomobillərlə Xocalıya gəldik. Qısa müddətdə olan bu dəyişiklik məni heyran etdi. Şahidi oldum ki, Azərbaycan uzun illərin yaralarını qısa müddətdə sağaltmağa nail olub. Bu, bizi çox sevindirir".