Ankara Sosial Elmlər Universitetinin müəllimi: Ermənistan Azərbaycanın şərtləri ilə razılaşmalıdır
- 11 dekabr, 2025
- 15:53
Ermənistan Türkiyə ilə sərhədin açılmasını istəyirsə, Azərbaycanın şərtləri ilə razılaşmalıdır.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) müəllimi dosent Resul Yalçın bildirib.
O deyib ki, Türkiyə Ermənistanla aralarında sərhədlərin açılması üçün apardığı danışıqlarda Azərbaycanın milli maraqlarını qoruyur:
"Ermənistan bilməlidir ki, bölgədə Türkiyə Azərbaycansız, Azərbaycan da Türkiyəsiz olmaz və olmayacaq. Türkiyənin Ermənistanla sərhədləri bağlamasının səbəbi bu ölkənin Azərbaycanla ədalətsiz müharibə aparması ilə bağlı idi. Savaş bitdikdən sonra isə Ermənistan Azərbaycanla münasibətlərini qaydaya salmalıdır. Yəni Türkiyə sülh prosesinin təminatı istiqamətində bölgədə həyata keçirdiyi bütün işlərdə Azərbaycanın birliyini, təhlükəsizliyini nəzərə alır. Bu, Türkiyə üçün önəmlidir".
Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələrə diqqət çəkən Resul Yalçın deyib ki, Ermənistan da regional iqtisadi proseslərdən qazanclı çıxa bilər:
"Ona görə də bu ölkənin rəsmiləri təxribatlara uymaqdansa, öz əhalisinin mənfəətini düşünməlidir. Türk dünyası arasında sıxılıb qalan 2,5 milyonluq bir ölkə belə təşəbbüslərə müsbət baxmalıdır".