Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq - YENİLƏNİB

Region
  • 25 avqust, 2025
  • 17:05
Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq - YENİLƏNİB

Almaniya yaxın illər ərzində Ukraynaya hər il 9 milyard avro təqdim edəcək.

“Report”un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.

"Biz yaxın illərdə Ukraynaya dəstək verməyi, hər il 9 milyard avro xərcləməyi öhdəmizə götürürük, bu, hökumət tərəfindən razılaşdırılıb", - o qeyd edib.

10:06

Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbayl elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

"Mən Almaniyanın mümkün sülh prosesində Ukraynanı necə ən yaxşı şəkildə dəstəkləyə biləcəyini müzakirə etmək niyyətindəyəm", - o, jurnalistlərə bildirib.

L.Klinqbayl qeyd edib ki, uzunmüddətli sülhün təmin edilməsi üçün etibarlı təhlükəsizlik zəmanətləri lazımdır: "Biz fəaliyyətlərimizi beynəlxalq səviyyədə əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti doğruldacaq".

Səfər çərçivəsində L.Klinqbayl Ukrayna hökumətinin və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti ilə danışıqlar aparacaq.

Almaniyanın Maliyyə Nazirliyinin məlumatına görə, müharibənin başlanğıcından bəri ölkə hökuməti Ukraynaya 50,5 milyard avro məbləğində yardım göstərib.