Almaniya səfiri Gürcüstan XİN-ə çağırılıb
- 24 sentyabr, 2025
- 17:19

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.
Məlumata görə, diplomat jurnalistlərə açıqlamasında bu addımı "diplomatik sanksiya forması" adlandırıb.
Fişer bildirib ki, müasir Gürcüstan-Almaniya münasibətləri tarixində ilk dəfədir alman səfiri nazirliyə çağırılır:
"Gedəcəyəm və deyilənləri dinləyəcəyəm. Amma Almaniya Federativ Respublikasına, mənə və digər səfirlərə qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edirəm".
Xatırladaq ki, bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniya səfirini zorakılığa təşviq etməkdə günahlandırıb. Onun sözlərinə görə, əgər 4 oktyabrda zorakı yolla hakimiyyətin devrilməsi baş verərsə, buna görə məsuliyyəti Avropa Komissiyası və Aİ-nin Gürcüstandakı nümayəndəliyi daşıyacaq.
Papuaşvili, həmçinin qeyd edib ki, Peter Fişerin fəaliyyəti Gürcüstan və Almaniya arasındakı münasibətlərin pisləşməsinə səbəb olub.