Ali Rada deputatı: "Ukrayna Türkiyə və beynəlxalq ictimaiyyətlə imzaladığı sazişlərə sadiqdir"
- 26 iyul, 2022
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Türkiyə və beynəlxalq ictimaiyyətlə imzaladığı sazişlərə sadiqdir. Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının (parlamenti) deputatı, korrupsiyaya qarşı siyasət komitəsi sədrinin birinci müavini Yaroslav Yurçişin bildirib.
Onun sözlərinə görə, Ukrayna taxılının daşınması birinci növbədə qarantlardan – Türkiyədən və beynəlxalq təşkilatlardan asılıdır: “Ukrayna bunun həyata keçirilməsi üçün sazişlərdə vəd etdiyini kimi əlindən gələni edəcək”.
Y. Yurçişin həmçinin Rusiyanın Odessa limanına zərbələr endirməsinə də münasibət bildirib:
“Rusiyanın Ukrayna taxılının daşınması ilə bağlı sazişin müddəalarını pozması bir daha sübut edir ki, onun hər hansı sazişin altında atdığı imzanın heç bir dəyəri yoxdur”.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya BMT-nin Baş katibi Antonio Quterreşin dəstəyi ilə Odessa, Çernomorsk və Pivdennıy dəniz limanlarından taxılın, əlaqədar ərzaq məhsullarının və gübrələrin (ammonyak da daxil olmaqla) ixracı üçün təhlükəsiz daşımaların təşviqi barədə razılığa gəliblər. Sazişə əsasən, razılaşma sonradan uzadılma ehtimalı ilə 120 gün üçün nəzərdə tutulub.
İyulun 23-də səhər saatlarında isə Rusiya Silahlı Qüvvələri Odessa dəniz ticarət limanına “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirib. İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman infrastrukturunun obyektlərinə dəyib.