Seçki günü İstanbulda AKP-nin 200 min könüllü və müşahidəçisi fəaliyyət göstərəcək - AÇIQLAMA
- 10 may, 2023
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Seçki günü – mayın 14-də İstanbulda seçki dairəsi kimi 1914 məktəb fəaliyyət göstərəcək, 30 803 seçki qutusu olacaq. AK Parti (Ədalət və İnkişaf Partiyası) həmin gün üçün İstanbulda ümumilikdə 200 min könüllü və müşahidəçilərlə fəaliyyət göstərəcək”.
Bu fikirləri “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına AK Parti İstanbul Şəhər Təşkilatının sədr müavini və seçki işləri sədri Muammer Birdal deyib.
“Sözügedən könüllülər seçki müşahidəçiləri, vəkillər, seçki dairələrinin səlahiyyətli şəxsləri olmaqla İstanbulun 39 rayonunda seçki günü vəzifələrinin başlarında olacaqlar. Onların əsas vəzifəsi xalqın iradəsinin seçki sandıqlarına necə giribsə, o cür çıxmasını təmin etməkdir. Seçki dairələrində fəaliyyət göstərəcək hüquqşünaslar da hüquqsuz heç bir iş görülməsin, vətəndaşın verdiyi səs heçə getməsin deyə seçki dairələrində fəaliyyət göstərəcəklər. Onlar həmçinin müşahidəçilərimizə hüquq çərçivəsində öz köməklərini göstərəcəklər”.
Hazırda seçki hazırlıqlarının davam etdiyini deyən partiya rəsmisi əlavə edib ki, İstanbulda 964 məhəllə var və seçki günü hər bir məhəllədə fəaliyyət göstərəcək heyət proseslə bağlı maarifləndirilib:
“Hər həftə bütün məhəllələrdə maarifləndirmə proqramı davam etdirilir və bu proses seçki gününə qədər davam edəcək. Cümə və şənbə günü Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bir neçə məhəlləni ziyarət edəcək və bəzi yerlərdə kiçik mitinqlər olacaq. Şənbə günü saat 18:00 etibarilə seçki təşviqatı qadağaları tətbiq edildiyi üçün artıq bütün təbliğat-təşviqat kampaniyaları dayandırılacaq”.
Onun sözlərinə görə, seçki axşamı səsvermə zərflərinin olduğu torbalar seçki dairələrindən toplanacaq və nümayəndələr həmin torbaları seçki şurasına gedənə qədər müşayiət edəcəklər:
“Seçki şurasında vəzifələndirilmiş şəxslər isə qanundankənar hər hansı hadisə baş verərsə, ona müdaxilə etmək üçün orada olacaqlar. Bundan sonra da seçkinin nəticələri elan ediləcək”.
“Hesab edirəm ki, budəfəki seçkilərdən də AK Parti sədri Rəcəb Tayyib Ərdoğan qalib çıxacaq”-, sonda M.Birdal vurğulayıb.