Aİ səfiri: Gürcüstanın Avropa İttifaqına üzvlüyü mümkün deyil

Region
  • 24 oktyabr, 2025
  • 17:09
Aİ səfiri: Gürcüstanın Avropa İttifaqına üzvlüyü mümkün deyil

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Gürcüstan hakimiyyətinin son dövrlərdə qəbul etdiyi bir sıra qanunlar Aİ prinsiplərinə və dəyərlərinə ziddir və bu səbəbdən ölkənin ittifaqa üzvlük perspektivi təhlükə altına düşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, səfirin sözlərinə görə, Aİ Gürcüstana namizəd statusu verməklə onun üzvlüyünə yol açıb, lakin bu yol yalnız Aİ qanunvericiliyinə uyğun islahatların aparılması ilə mümkündür.

"Bunun baş verməsi üçün Gürcüstan tədricən bizdən birinə çevrilməlidir və bunun üçün əsas şərt Aİ-də mövcud qanun və qaydaların qəbul edilməsidir. Təəssüf ki, 2023-cü ilin dekabrından etibarən Gürcüstan hakimiyyəti əks istiqamətdə hərəkət edir və Aİ prinsiplərinə zidd qanunlar qəbul edir", - o qeyd edib.

Herçinski vurğulayıb ki, "Xarici təsirin şəffaflığı haqqında qanun" və "Xarici agentlər haqqında akt" kimi qanunların Avropa qanunvericiliyi ilə heç bir ortaq cəhəti yoxdur.

"Bu, acı bir reallıqdır. Son bir ildə qəbul edilən bir çox qanun - şəffaflıq, qrantlar, yayım və digər sahələr üzrə dəyişikliklər - Aİ-nin qurulduğu prinsiplərə ziddir. Bunu demək mənim üçün çətindir, amma Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın dediyi kimi, bu qanunlarla Gürcüstanın Aİ üzvü olması qeyri-mümkün olacaq", - səfir bildirib.

P.Herçinski əlavə edib ki, Gürcüstan hakimiyyətinin son addımları səbəbindən Aİ ilə vizasız rejimin tam və ya qismən dayandırılması məsələsi müzakirə olunur.

Xatırladaq ki, Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul edib. Qanun həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqid olunaraq "Rusiya qanununun analoqu" adlandırılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti