ABŞ rəsmiləri körfəz ölkələri ilə İrana dair məsələləri müzakirə edəcək
- 11 fevral, 2023
- 08:15
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ administrasiyasının rəsmiləri fevralın 13-16-da Səudiyyə Ərəbistanında Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin nümayəndələri ilə İran, hava hücumundan müdafiə və terrorizmlə mübarizəyə dair məsələlər üzrə məsləhətləşmələr aparacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Bildirilib ki, ABŞ-ın nümayəndə heyəti fevralın 13-16-də Körfəz Əməkdaşlıq Şurasının işçi qruplarının iclaslarında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək. Dövlət Departamentindən viurğulanıb ki, Ər-Riyadda keçiriləcək məsləhətləşmələrdə üç əsas məsələ müzakirə olunacaq: inteqrasiya olunmuş hava və raket hücumundan müdafiə, dəniz təhlükəsizliyi, İran və terrorizmlə mübarizə.
ABŞ nümayəndə heyətinə İran üzrə xüsusi nümayəndə Robert Malli, Dövlət Departamentinin Terrorla Mübarizə üzrə əlaqələndiricisi vəzifəsini icra edən Kristofer Lendberq, müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Stroul və başqa diplomatlar, hərbi rəsmilər daxil olacaq.
Qeyd edək ki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası 1981-ci ildə yaradılıb. Şuraya 6 ölkə daxildir: Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı.