ABŞ-nin İrəvandakı səfiri missiyasını yanvarda başa vuracaq
- 23 dekabr, 2025
- 13:34
ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn Ermənistanda işini 2026-cı ilin yanvarın ortasında başa vuracaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ diplomatik missiyasının bəyanatında bildirilib.
Səfirlikdən qeyd olunub ki, diplomatik missiyanın rəhbərinin gedişi ABŞ-nin Ermənistana siyasi münasibətini dəyişməyəcək.
"Birləşmiş Ştatlar Ermənistanla tərəfdaşlığına sadiq qalmaqla yanaşı, strateji tərəfdaşlığın daha da inkişafını, eləcə də Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan tərəfindən avqustun 8-i Vaşinqtonda tarixi sülh sammitində imzalanmış ikitərəfli sazişlərin həyata keçirilməsini səbirsizliklə gözləyir", - bəyanatda vurğulanıb.
Daha əvvəl "The New York Post" qəzeti mənbələrə istinadən bildirib ki, D.Tramp administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən 48 səfirin geri çağırılması barədə qərar qəbul edib.
"Associated Press" qeyd edib ki, geri çağırılma 29 ölkədəki diplomatik missiya rəhbərlərinə şamil olunacaq.