ABŞ Gürcüstana yanğınsöndürmə və rabitə avadanlıqları hədiyyə edib

Region
  • 16 yanvar, 2026
  • 11:09
ABŞ Gürcüstana yanğınsöndürmə və rabitə avadanlıqları hədiyyə edib

Gürcüstan–ABŞ ikitərəfli əməkdaşlığı çərçivəsində ABŞ Hərbi Qrupunun nümayəndələri Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinə ümumi dəyəri 234 min 150 ABŞ dolları olan yanğınsöndürmə və rabitə avadanlıqları hədiyyə ediblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, təqdimat mərasimində ölkənin daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Temur Mqebrişvili, ABŞ-nin xüsusi tapşırıqlar üzrə səfiri Alan Purcell, ABŞ Hərbi Qrupunun rəhbəri podpolkovnik Endryu Andervud, hərbi attaşe polkovnik Conatan Adams və ikitərəfli əməkdaşlıq üzrə zabit mayor Alek Harrison iştirak ediblər.

Gürcüstan tərəfi göstərilən dəstəyə görə ABŞ-yə təşəkkür edib. Bildirilib ki, təhvil verilən xüsusi avadanlıqlar yanğınsöndürənlərin əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və fövqəladə hallara daha çevik və effektiv reaksiya verilməsinə töhfə verəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin Əməliyyat İdarəetmə Mərkəzini də ziyarət edərək mərkəzin fəaliyyəti və fövqəladə hallara cavab mexanizmləri ilə tanış olub.

Son xəbərlər

Bütün Xəbər Lenti