Xocavəndə gələn beynəlxalq səyyahlara Azıx mağarası haqqında ətraflı məlumat verilib

Qarabağ
  • 08 oktyabr, 2026
  • 10:52
Xocavəndə gələn beynəlxalq səyyahlara Azıx mağarası haqqında ətraflı məlumat verilib

Xocavənd rayonu ərazisindəki Azıx mağarasını ziyarət edən beynəlxalq səyyahlara mağaranın tarixi barədə geniş məlumat verilib.

"Report"un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunnası İnkişafı və bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihad Rəhimli Azıx mağarasının Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, 1960-cı ildən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılmış tədqiqatlar nəticəsində mağarada ümumi qalınlığı 14,5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilib:

"Mağarada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid edilir. 1968-ci ildə tapılmış, 300–400 min il əvvələ aid qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700–500 min il əvvələ aid daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyətə malikdir".

N.Rəhimli işğal dövründə mağarada ermənilər tərəfindən qanunsuz qazıntı işlərinin aparıması barədə faktları da qonaqların diqüətinə çatdırıb:

"İşğal dövründə, 2002-ci ildən etibarən, Ermənistan arxeoloqları tərəfindən mağarada xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana aparılıb. Bu hərəkətlər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir. Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı, daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar edilib, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ tarixlənib. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilib".

Qeyd edək ki, beynəlxalq səyyahların səfəri dünyaşöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin başçılığı ilə həyata keçirilir. Bu dəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir. Səfər proqramına əsasən, səyyahlar Azərbaycanın qədim tarixini özündə əks etdirən Alban məbədlərini də ziyarət edəcəklər.

44 filmi