Xocalı şahidi: "Həmin gün ermənilər valideynlərimi və 28 qohumumu qətlə yetirdilər"
- 23 fevral, 2022
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
“Ermənilər ağır artilleriya qurğularından və iriçaplı silahlardan atəş açmaqla Xocalıya girdilər”.
Bunu “Report”un Qərb bürosuna Xocalı faciəsinin şahidi Şahin Həsənbala oğlu Əzimov deyib.
O bildirib ki, ermənilər 366-cı alayın köməyi ilə Xocalını mühasirəyə aldılar: “Xocalını 4 tərəfdən mühasirəyə alan ermənilər hər tərəfdən atəş açaraq irəliləməyə başladılar. Düşmən qarşısına çıxan hər kəsi - körpə, qadın, qoca demədən güllələyib, evləri yandırırdılar. Valideynlərimlə birgə qərara gəldik ki, Ağdam tərəfə gedək. Başqa çarəmiz yox idi. Xocalının yüzlərlə silahsız və dinc sakini eyni istiqamətdə qaçmağa başladı. Dəstənin içərisində qadınlar, uşaqlar, yaşlılar da var idi”.
Faciə şahidinin sözlərinə görə, Qarqarçayı keçərək qarlı, şaxtalı havada uçurumlu yollarla Qaraqaya adlanan əraziya çatıblar: “Orada pusquda duran düşmənin silahlı dəstələri bizi yenidən atəşə tutdular. Qaranlıq idi və atəşin hansı tərəfdən gəldiyini görmürdük. Lakin mərmilər yağış kimi başımızın üstünə yağırdı. Orada hər iki valideynimi və 28 nəfər qohumumu qətlə yetirdilər. Onların içərisində 3 və 6 yaşlı uşaqlar da var idi. Həmin gecə çox sayda Xocalının dinc sakinləri qətlə yetirildi”.
Ş.Əzimov həmin günün böyük faciə olduğunu vurğulayaraq, yaşanan müsibətin heç bir zaman unudulmayacağını bildirib: “Mənimlə yanaşı, o qanlı qətliamdan sağ çıxanlar üçün bu, bir möcüzə idi. Biz oradan Ağdam tərəfə keçdik. Lakin həmin gün köməkçi dəstə ilə birgə qayıdıb yaralılarımızı, qətlə yetirilmiş yaxınlarımızı ərazidən götürə bilmədik. Biz iki gün sonra, fevralın 28-də həmin əraziyə gedib yaxınlarımızın meyitini götürdük. Meyitləri Ağdama gətirib, Şəhidlər xiyabanında dəfn etdik. Bir müddət sonra ermənilər Ağdam rayonunu da işğal edib, Şəhidlər xiyabanını dağıtdılar”.
O deyib ki, Ağdam azad olunduqdan sonra valideynlərinin və yaxınlarının məzarlarını ziyarət etmək onun ən böyük təsəllisidir: “Düzdür, ermənilər qəbirləri dağıdıblar. Lakin heç olmasa, valideynlərimin dəfn olunduğu torpağı ziyarət edərəm və mənim ən böyük təsəllim elə bu olar”.
Xocalı sakini əlavə edib ki, Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdikləri terror hadisələri zamanı gördükləri, ona Xocalıda yaşadıqlarını xatırladıb: “Gəncədə hər iki valideynini itirən uşaqlara baxdıqca özümü görürdüm. Mənim də hər iki valideynimi düşmən qətlə yetirib, düşmən məni də yetim qoyub. Bu, çox ağır dərddir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir gün Xocalıya, ata yurduma qayıdacağıma əminəm”.