Tarixə meydan oxuyan Şuşa: Savaşdan çıxan şəhər özünün yeni intibah dövründədir - REPORTAJ
- 08 may, 2026
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Yolumuz Şuşayadır... Azad-abad Şuşaya. Əslində, bu bizim Şuşaya ilk səfərimiz deyil, amma hər səfərdə gördüyümüz tikinti-quruculuq, abadlıq işləri, yurd-yuvasına dönən sakinlərlə söhbətlərimiz bizə fərqli-fərqli və ilk dəfə imiş kimi duyğular yaşadır. Şuşa yenilənir... Şuşa dirçəlir... Bu yenilənmə şəhərin hər küçəsində, hər döngəsində addım-addım, qarış-qarış hiss edilir.
"Report"un Qarabağ bürosunun əməkdaşı ilə həmsöhbət olan Orduxan Kərimov da Şuşanın hər küçəsinə, hər döngəsinə addım-addım, qarış-qarış bələd adamdır. Şuşanın keçmiş polis rəisi işləmiş Orduxan müəllim yerli əhali arasında təkcə vaxtilə tutduğu vəzifə ilə deyil, həm də şəhərin müdafiəsi və azadlığı uğrunda döyüşmüş zabit kimi tanınır.
O.Kərimov Şuşanı 1992-ci il mayın 8-də tərk etdiyini deyib: "O zaman cəmi 34 nəfər qalmışdıq, şəhidlərimiz və yaralılarımız çox idi. Şəhərin müdafiəsini davam etdirmək gücündə deyildik. Axşam saatlarında məcburən Şuşanı tərk etməli olduq"
İşğaldan sonra şöbənin əməkdaşları müxtəlif briqadaların tərkibində Ağdərə, Laçın, Kəlbəcər, Goranboy istiqamətində gedən döyüşlərdə iştirak ediblər.
2020-ci ildə Vətən müharibəsi başlayanda O.Kərimov cəbhəyə yollanmaq üçün müraciət edib: "Müharibə başlayan kimi rəhbərliyə müraciət elədim ki, Şuşa ətrafında gedən döyüşlərdə keçmiş döyüşçülər kimi yerli polis əməkdaşlarının da iştirakı təmin olunsun. Mənim bu təklifimə rəhbərlik müsbət cavab verdi. Bildirildi ki, Şuşa ətrafındakı döyüşlərə siz də gedəcəksiniz. Vaxtilə mənimlə birlikdə Şuşanın müdafiəsində sona qədər iştirak etmiş Mahir Əliyev, Səməd Məhərrəmov, Faiq Zalovla bərabər, bir qrup əməkdaşla deyilən əraziyə gəldik və 2020-ci il noyabrın 7-də artıq Daşaltıda idik".
Müsahibimiz deyir ki, iki gün davam edən ağır döyüşlərdən sonra Şuşa azad edilib: "Yalnız bundan sonra şəhəri tam sərbəst gəzib-dolaşa bildim. Əlbəttə, ilk olaraq ata evinə getdim. Baxdım ki, evin bir hissəsini söküb aparıblar, qonşuların evləri isə ümumiyyətlə dağıdılıb yox edilmişdi. Binaların və evlərin çoxunda qədim daşların söküldüyünü gördüm. Sonradan məlum oldu ki, işğalçılar həmin daşlar vasitəsilə Xankəndidə bəzi binalara üzlük çəkərək ora üçün "qədim şəhər" imici yaratmağa çalışıblar".
Keçmiş döyüşçü Şuşaya qayıdan keçmiş məcburi köçkünlərin rahat yaşamaları üçün bütün şəraitin yaradıldığını bildirib.
"Mən Şuşaya 2021-ci ildə də gəlmişdim, o zaman əraziyə su çəkilirdi. 2024-cü ildə isə artıq Şuşaya köçdüm, qardaşımın evində yaşadım. Tam səmimiyyətlə deyirəm, məcburi köçkünlük illərindən sonra ilk dəfə idi ki, bu qədər rahat bir qış mövsümü keçirdim. Bir sözlə, mənim üçün buradakı rahatlıq heç bir yerdə yoxdur. Bütün evlərdə rahat yaşayış üçün hər bir şərait yaradılıb", - o vurğulayıb.
Orduxan müəllim Şuşa azad olunduqdan sonra burada aparılan quruculuq işlərinə diqqət çəkərək deyib ki, şəhər öz relyefinə görə inşaat işlərinin çətinliklə aparıldığı məkanlardan biridir:
"Şuşada inşaat işlərinin aparılması asan deyil. Çünki burada qış uzun olur, sular tez donur, tikintidə vurulan suvaq, beton donur. Ən əsası, Şuşaya tikinti materiallarının gətirilməsi çətinliklə başa gəlirdi. İlk vaxtlarda bunun üçün Zəfər yolundan istifadə edilirdi. Lakin bu zaman məsafə də xeyli artırdı. Amma indi materiallar Ağdam yolu ilə qısa bir məsafə qət etməklə çox rahat şəkildə gətirilir.
Bir şeyi də qeyd edim ki, keçmişdə Şuşada qış mövsümündə rast gəlinən suyun donması halları indi yoxdur. Nə suyumuz donur, nə qazımız kəsilir, nə də işığımız sönür. Şuşadan çıxanda 32 yaşım və 3 oğlum vardı. Böyük oğlum birinci sinfə elə burada getmişdi. Şəhəri tərk edəndə beş nəfərlə çıxmışdım, indi 16 nəfərlik böyük bir ailə ilə geri dönmüşəm. 8 nəvəm var, onlar Şuşadakı 1 saylı məktəbdə təhsil alırlar. Arzumdur ki, nəvələrim qalan ömürlərini elə Şuşada yaşayıb-yaratsınlar".
Başqa bir həmsöhbətimiz isə füsunkar Şuşa təbiəti ilə elə öz dilində danışan biridir - Rəssam Zaur Mirzəyev.
Əlbəttə, Şuşa elə bir möcüzəvi məkandır ki, hər adamda ayrı-ayrı təəssüratlar yaradır, fərqli duyğular oyadır. Ona görədir ki, müsahibimiz Şuşaya qayıtdıqdan sonra mövzuları bu misilsiz təbiətin ona verdiyini deyir:
"Qarabağın hər bölgəsi özünəməxsus gözəlliyi ilə cəlbedicidir. Təbii, bir rəssam üçün yaradıcılığının əsas hissəsi axtarışlarla keçir, bu mənada, onun üçün ən mükəmməl tablo elə təbiətin canlı mənzərəsidir".
Müsahibimiz gənc yaşlarında tərk etdiyi Şuşanı daim əsərlərində yaşatdığını vurğulayıb: "Şuşada anadan olmuşam, 20 yaşıma qədər burada böyümüşəm. Bu qədər həsrətdən sonra yenidən doğma yurdda yaşayıb fəaliyyət göstərirəm. Şuşa işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışıq. Rəssamlıq təhsilimi Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda almış və sonra Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq fakültəsini bitirmişəm".
Rəssam 2020-ci il Zəfərindən sonra yenidən yurd-yuvasına qayıtmasını, yaradıcılığını burada davam etdirməsi haqqında böyük məmnunluqla danışır: "Əsasən, qrafika üslubunda işləyirəm. Amma qayıdışdan sonra artıq yağlı boya ilə rəngli tablolar da işləməyi nəzərdə tuturam. Bilirsiniz, Şuşada yaradıcılıq istər-istəməz başqa forma alır, özünü başqa cür göstərir. Bakıda olanda emalatxanada oturub mövzunu özün seçirsən, amma burada təbiətin özü sənə mövzu verir. Yəni burada işləyəcəyin mövzu çoxdur. Artıq iki ildir ki, Şuşaya qayıtmışam, yəqin bundan sonra əsərlərimin sayı daha çox olacaq".
Z.Mirzəyev Şuşaya qayıtdıqdan sonra Yaradıcılıq Mərkəzində ona hər cür şəraitin yaradıldığını qeyd edib.
O 44 günlük Vətən müharibəsinə həsr edəcəyi əsərin motivləri barəsində də fikirlərini bölüşüb: "Şuşa əməliyyatı və zəfərimizi tərənnüm etmək o qədər də asan deyil. Bilirsiniz ki, Şuşa əməliyyatı dünya hərb tarixinə səs salıb. Hələ Bakıda olanda belə bu barədə düşünürdüm, özümdə müəyyən fikirlər formalaşdırırdım, eskizlər hazırlayırdım. Rəssamlıq elə işdir ki, bir əsəri yaratmazdan öncə xeyli düşünməlisən, hansısa bir detala çox qayıtmalısan və sair. İnşallah, qarşıdakı illərdə Şuşa zəfəri ilə bağlı möhtəşəm əsərlərim olacaq".
Rəssam Zaur Mirzəyevlə söhbətimizi yekunlaşdırıb Şuşanın simalarından biri sayılan Mehmandarovlar malikanəsinə üz tuturuq. O malikanə ki, artıq ilkin görkəminə uyğun şəkildə bərpa edilib...
Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə bərpa olunan əsas məkanlardan biri olan Mehmandarovlar malikanəsi özünün xüsusi görkəmi ilə seçilir. Məşhur malikanənin həm fasadı, həm də daxili interyeri tikilinin ilkin versiyasına uyğun şəkildə bərpa olunub.
Şuşa şəhəri muzeylərlə iş şöbəsinin baş mütəxəssisi Fəridə Məmmədova ilə söhbətimiz zamanı o, işğal dövründən öncə şəhərdə 300-ə yaxın tarixi abidənin olduğunu vurğulayıb:
"İşğal dövründə həmin abidələrin bir çoxu tamamilə məhv edilib. Hazırda 20-dən çox tarixi abidə bərpa olunub, digərlərində isə tikinti və bərpa işləri aparılır. Onlardan biri də Mehmandarovlar malikanəsidir. Mehmandarovların malikanə kompleksinə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Bu malikanə Mirzə Əlibəyə məxsus olub. O, həm Pənahəli xan, həm də İbrahimxəlil xanın hakimiyyət dönəmində sarayda ən məsuliyyətli məqamlardan sayılan mehmandar vəzifəsində çalışıb. Xanın qonaqlarını qarşılamaq, yerləşdimək və onların məktublarını xana çatdırmaq mehmandarın funksiyasına daxil olub. Mirzə Əlibəy artıq yaşlananda xan o zaman təzə məhəllə olan bu ərazidə ona torpaq sahəsi bağışlayıb. Mehmandarov da 1848-ci ildə Qarabağın məşhur memarı Kərbəlayi Səfixan Qarabağiyə bu malikanəni inşa etdirib".
F.Məmmədova malikanənin böyük yaşayış evinin işğal zamanı ermənilər tərəfindən dağıdıldığını qeyd edib:
"Hazırda salamat qalan kiçik yaşayış binası muzey kimi fəaliyyət göstərir. Muzeydəki o dövrə aid əşyalar XIX əsr Qarabağda zadəganların həyat tərzinə uyğun qaydada sərgilənir. Buraya daxil olan ziyarətçilər muzeydə yaradılan şərait sayəsində özlərini iki əsr əvvəldə hiss edə bilirlər".
Şuşa elə bir yer, elə bir yurddur ki, buranın mədəni-tarixi irsini sadalamaqla bitməz. Şuşa həm də Azərbaycan musiqi xəzinəsinə Bülbül kimi böyük bir sənətçini bəxş edib. Bizim də növbəti ziyarət edəcəyimiz məkan Bülbülün ev muzeyi olur.
Ev muzeyinin direktoru Ülviyyə Hüseynova muzeyin 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını qeyd edib.
"Muzey 1992-ci ilin may ayına qədər fəaliyyət göstərib. Şəhərin işğalından sonra isə ermənilər tərəfindən tamamilə dağıdılıb və muzeydə olan eksponatlar talan edilib. Müzəffər Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra Prezident İlham Əliyevin şəhərə səfəri zamanı ziyarət etdiyi ilk yerlərdən biri məhz Bülbülün ev muzeyi olub. Dövlət başçısı burada olarkən "Mən əminəm ki, Polad müəllim Bülbülün evini təmir edəcək", - demişdi. Bundan qısa müddət sonra artıq ev muzeyində təmir işlərinə başlanıldı və 2021-ci ilin avqust ayında muzeyin fəaliyyəti bərpa edildi. Muzey həftədə altı gün fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycan musiqi irsini qorumaq, təbliğ etmək və gələcək nəsillərə ötürməkdir".
Təbii, bizim Qarabağa qayıdışımız həm də təhsillə, elmlə birlikdə qayıdışdır. Millətin gələcəyinin əsas təyinat nöqtəsi olan təhsil bu günün çiçəklənən Qarabağında, Şuşasında da diqqət mərkəzindədir. Səfərimiz zamanı Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə də olduq, yaradılan şərait və təhsil keyfiyyəti barəsində məlumatlandırıldıq.
Məktəbin direktoru Səbinə Gözəlova hazırda burada 200-dən çox şagirdin təhsil aldığını deyir:
"40 sinif otağından ibarət olan məktəbimiz 960 şagird yerlikdir. Növbəti köç prosesləri nəticəsində şagirdlərin sayının artacağını gözləyirik. Şagirdlərimizə təkcə akademik təhsil verməklə kifayətlənmirik, onlara həm də milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hissini aşılamağa çalışırıq. Həmçinin, şagirdlərimiz müxtəlif fənn müsabiqələrində iştirak edirlər. Onlardan bəziləri ölkə və rayon mərhələsində uğurla iştirak edərək qalib olublar".
S.Gözəlova şagirdlərin idmana da böyük maraq göstərdiklərini vurğulayıb: "Bəzi şagirdlərimiz futbol, voleybol və kikboksinq üzrə yarışlara qatılaraq birincilik əldə ediblər".
Direktorun sözlərinə görə, məktəbdə rəqəmsal bacarıq və STEAM layihələri də həyata keçirilir: "Şagirdlər məktəbimizin nəzdində fəaliyyət göstərən Şuşa STEAM mərkəzində də təlimlərini davam etdirirlər. Həmçinin, onlar üçün məktəbimizin kitabxanasında oxu klubu yaradılıb və orada "Oxu dəqiqələri" təşkil edilir. Bu, şagirdlərin mütaliəyə maraqlarını daha da artırır".
O əlavə edib ki, sertifikasiya imtahanında yüksək bal toplayan müəllimlərin ustad dərsləri də təşkil olunur: "İnanırıq ki, əldə etdiyimiz uğurlar sabahın uğurlu gənclərini formalaşdırır".
Direktor bildirib ki, tədris müəssisəsində həm də şagirdlərə dərsdənkənar fəaliyyətlər üçün imkanlar yaradılıb: "Məsələn, dərsdən sonra "Bülbülcan" adına fortepiano bölməsi fəaliyyət göstərir. Hazırda 1 nömrəli tam orta məktəbin nəzdində Şuşa rayon Gənclər-idman şahmat məktəbinin yaradılması istiqamətində hazırlıq işləri aparılır".
Fürsət düşmüşkən Şuşa məktəblilərini də danışdırdıq, azad-abad Şuşada təhsil almağın necə bir hiss olduğunu öyrəndik.
Məktəbin 10-cu sinif şagirdi Məcid Məmmədov dərslərinə diqqət yetirməklə yanaşı, bir neçə musiqi alətində də mükəmməl ifa bacarığına malikdir. O öz gələcəyini bu sahəyə bağlamağı düşünür:
"Məcburi köçkünlük illərində ailəmiz Ağcabədi şəhərində məskunlaşmışdı. Mən Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbində 5 illik tar sinfini bitirmişəm. İndi isə Şuşada 1 saylı orta məktəbdə təhsil alıram. STEAM mərkəzində də fəaliyyətim var, bu sahə üzrə yarışda iştirak edib uğurlu nəticə göstərdik. Komanda olaraq Şuşa şəhərini yarışmada layiqincə təmsil etmişik. Gələcəkdə Qarabağ Universitetinin İncəsənət fakültəsinə qəbul olmağı hədəfləyirəm. Düşünürəm ki, Üzeyir yurdunda təhsil alıb oxumaqla, onun sənətinə bağlılığı gələcəkdə yaradacağım yeni-yeni əsərlərimlə sübut edəcəyəm".
Məktəbin 8-ci sinif şagirdi Nuridə Mürsəlova da fəallığı ilə seçilir: "Ailəmizlə birlikdə artıq Şuşaya köçmüşük. Çox qürurverici hissdir. Burada təhsilin səviyyəsi çox yüksəkdir. Biz dərslərimizi yalnız kitablardan oxuyaraq nəzəri şəkildə öyrənmirik. Tarix dərslərimizi Şuşanın dağlarından, musiqini dahi Üzeyir Hacıbəyli və Bülbülün evindən, ədəbiyyat dərsini isə Vaqifin məqbərəsindən öyrənirik".
9-cu sinifdə oxuyan Nurgül Kərimli isə Şuşada təhsil almağın şagirdlər üçün böyük məsuliyyət yaratdığını deyib:
"Çalışırıq ki, Şuşanı hər yerdə layiqincə təmsil edək. Biz burada sadəcə təkcə təhsil almırıq, həm də müxtəlif bacarıq və qabiliyyətlərə yiyələnirik. Özüm haqqında deyə bilərəm ki, hər il keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində respublika mərhələsinə qədər irəliləmişəm. Düşünürəm ki, Şuşanı bu qədər əzəmətli edən yalnız dumanlı dağları deyil, eyni zamanda o dağlar qədər məğrur, yenilməz bir iradədir. Həqiqətən, Şuşa Azərbaycanın döyünən qəlbidir. Fəxrlə deyirəm ki, məktəbimizdə bizim yüksək səviyyədə təhsil almağımız üçün hər bir şərait yaradılıb. Müəllimlərimizin əzmkarlığı və tələbkarlığı bizi Şuşanı hər yerdə yüksək səviyyədə təmsil etməyə stimullaşdırır".
Səfərimiz zamanı həm də öyrənirik ki, Şuşada D3 və D4 yaşayış massivlərinin tikintisi çox sürətlə davam etdirilir və 2027-ci ilin birinci rübündə təhvil veriləcəyi planlaşdırılır.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi Ərazinin inkişafı və ictimai nəqliyyatın idarə olunması şöbəsinin müdiri Rza Abdullayev hazırda Şuşada aparılan inşaat işlərinin plana uyğun şəkildə həyata keçirildiyini qeyd edib.
"Hazırda biz 12 bina və 212 mənzildən ibarət olan D4 massivindəyik. Burada dəmir-beton, xarici və daxili divarların hörgüsü, dam örtüyünün konstruksiyası və örtük işləri davam edir. Yaxınlıqda isə 10 bina və 254 mənzildən ibarət olan D3 yaşayış massivində birinci mərhələ inşaat işləri aparılır. Bu massivlərdə inşa edilən binaların yeraltı avtodayanacaqları da olacaq. Binaların 2027-ci ilin birinci yarısında təhvil verilməsi planlaşdırılır".
O, D3 massivində həyata keçirilən işlər barəsində məlumat verib: "Bu massivdə 160 yerlik uşaq bağçasının layihələndirmə işləri davam etdirilir. 1 saylı məktəbin inşası isə artıq yekunlaşıb və fəaliyyət göstərir. Eyni zamanda, inşası davam edən yaşayış massivlərində istilik sistemi mərkəzləşdirilmiş qaydada işləyəcək. Bundan başqa, həyətyanı ərazilərdə uşaqlar üçün oyun meydançaları və velosiped üçün parkinqlər olacaq. Ümumiyyətlə isə yaxın zamanda D3 massivində inşaat işlərinin ikinci mərhələsinə başlanılacaq".
R.Abdullayev, həmçinin qeyd edib ki, şəhərdə tikintisi planlaşdırılan D7, D6, D8 və D10 massivlərinin layihələndirmə işləri artıq başa çatdırılıb.
Şəhərin su təchizatına gəlincə, Şuşanın fasiləsiz su təchizatı üçün əlavə iki anbarın inşa edildiyini öyrənirik.
Qarabağ Regional Su-meliorasiya Sistemləri İdarəsinin Şuşa şəhər sahəsinin mühəndisi Pərviz Məhərrəmov Şuşa şəhərinin fasiləsiz su təchizatı üçün bütün işlər görüldüyünü bildirib.
Onun sözlərinə görə, Şuşa şəhəri yüksəklikdə yerləşməsinə baxmayaraq, əhalinin içməli suya olan tələbatının tam ödənilməsi üçün çəkilən xətlər suyun şəhərə öz gücünə çatmasını təmin edir, əlavə olaraq Daşaltı kəndi ərazisində su bəndi və nasos stansiyası da tikilib: "Şuşa şəhərinin içməli su ilə təminatı üçün yeni anbarların da tikilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, hazırda 1000 kubmetrlik iki ədəd və 500 kubmetrlik iki yeni anbarın inşası davam etdirilir. İstifadəmizdə olan anbarların ümumi tutumu şəhərin suya olan tələbatını tam ödəyir. Şuşada əhalinin sayı atdıqca əlavə tikilən anbarların imkanlarından da istifadə ediləcək. Şuşa şəhərinin içməli su ehtiyacı əsasən Zarıslı, Nəbilər və Kirsdəki mənbələr hesabına təmin edilir. Şəhərə ötürülən su adi hallarda öz gücünə gəlir. Lakin sutəmizləyici qurğulara Daşaltı çayında inşa olunan bəndin üzərindəki nasos stansiyasından vurulur".
Şuşa tarixi, mədəniyyəti və bənzərsiz memarlığı ilə yanaşı, həm də özünün zəngin mətbəxi ilə şöhrət qazanıb. Şəhər işğaldan azad edildikdən sonra şəhərdə xidmətə açılan kafe və restoranlarda bu gün də həmin ənənənin yaşadılmasına səy göstərilir.
Ölkənin tanınmış restoran şəbəkələrindən birinin yerli filialının direktoru Almaz İsmayılova deyir ki, artıq iki ildir, burada fəaliyyət göstərirlər: "Bizim üçün əlamətdar haldır ki, şəbəkəmizin işğaldan azad edilən ərazilərdə ilk filialı da məhz Şuşa şəhərində açılıb. Bu filiala mənim rəhbər təyin edilməyim isə sözlə ifadə edə bilməyəcəyim dərəcədə böyük məsuliyyətdir. Çünki Şuşa mədəniyyətimizin beşiyi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın ən dadlı, ən əvəzolunmaz mətbəxi Şuşa mətbəxidir. Bizim ümdə vəzifəmiz bu mətbəxin ənənələrini davam etdirməkdir. Hazırda Şuşa sakinlərinin, eləcə də şəhərə gələn bütün turistlərə, qonaqlara Qarabağımızın mədəniyyətini, mətbəxini yüksək səviyyədə təqdim etməyə çalışırıq. Göstərdiyimiz bu xidmətlərdən də qürur duyuruq".
Beləcə, tarixin yaddaşından süzülüb gələn, otuzillik həsrətdən sonra yenidən dirçələn, dağların, yüksəkliklərin əzəməti arasından boy göstərən daha bir Şuşa səfərimiz başa çatır. Əlbəttə, bu səfər son deyil, çünki Şuşa elə bir mədəni-tarixi irsə malikdir ki, hər səfər özü ilə növbəti səfərin elçisinə çevrilir...